Moskva Bakı ilə münasibətlərdə normallaşma xəttini nümayiş etdirsə də, Rusiyada Azərbaycan diasporunun rəhbərlərinə qarşı atılan son addımlar diqqət çəkir. 


Son olaraq Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənovun Rusiyadan deportasiya edilməsi bu istiqamətdəki siyasətin yenidən müzakirəyə çıxarılmasına səbəb olub.






– Maraqlıdır, Azərbaycan diasporunun rəhbərlərinə qarşı belə addımların davam etməsinin əsas səbəbi nədir? 


Bu siyasətdə Azərbaycanın müstəqil xarici siyasət kursu və son dövrdə Bakı ilə Kiyev arasında münasibətlərin yaxınlaşması hansı rolu oynayır?


Mövzu ilə bağlı Moderator.az-a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl açıqlama verib. 



Ekspert bildirib ki, Rusiya Cənubi Qafqazda təsirini tədricən itirir. Gürcüstanda bu təsir müəyyən dərəcədə zəifləyib:


"Ermənistanla münasibətləri isə kifayət qədər gərgindir. Hazırda Ermənistanda da vəziyyət anti-Rusiya səviyyəsindədir. Baş nazir Nikol Paşinyan Qərbyönümlü siyasət yürüdür. Bu baxımdan Azərbaycan-Rusiya münasibətlərinin normallaşdırılması məsələsinə gəldikdə, hesab edirəm ki, bu, daha çox səthi xarakter daşıyan, dərin kökləri olmayan bir münasibətdir. Rusiya maksimum çalışır ki, Cənubi Qafqazda Azərbaycan Respublikası ilə normal münasibətlərini və əlaqələrini qoruyub saxlasın.


Ən azı, sanksiyalar səbəbindən Avropaya çıxış imkanları məhdudlaşdığı üçün Azərbaycan vasitəsilə quru yolu ilə Türkiyəyə və digər istiqamətlərə çıxış əldə etsin. Bu mənada Moskva Azərbaycanla münasibətlərini normal saxlamağa çalışır.


Hesab edirəm ki, bu, səmimi münasibət deyil. Rusiyanın həm rəsmi şəxslərinin, həm də qeyri-rəsmi dairələrinin dilindən dəfələrlə anti-Azərbaycan mövqeyinə çağırışlar eşitmişik".


İlham İsmayıl vurğulayıb ki, bu yaxınlarda məlum üç ekspertin Azərbaycanı hədəf alması, terrora və konstitusion quruluşa qarşı çağırışlar səsləndirməsi də bunun göstəricisidir:


"Bütün bu məsələlər Rusiyada Azərbaycana qarşı şovinist və millətçi yanaşmanın, ölkəmizə hələ də postsovet məkanının bir hissəsi kimi baxışın davam etdiyini göstərir. 


Ona görə də maksimum çalışırlar ki, Azərbaycanın  həyata keçirdiyi müstəqil siyasətə görə bizə qarşı təzyiqlər etsinlər. Bu təzyiqlərdən biri də qeyd etdiyiniz kimi, məhz diaspor rəhbərinin ölkədən çıxarılmasıdır.


Bundan əvvəl də soydaşlarımıza, xüsusilə miqrant kimi Rusiyada yaşayan soydaşlarımıza qarşı çox amansız və repressiv münasibətin şahidi olmuşuq. Bu proses hələ başa çatmayıb.


Hazırda Ukrayna ilə müharibə aparması və Ermənistanla münasibətlərinin gərgin olması Rusiyanın Azərbaycana qarşı təzyiq imkanlarından tam istifadə etməsinə imkan vermir. Lakin bu, təzyiq siyasətinin dayandığı anlamına gəlmir.


Ona görə də cənab Prezidentin dediyi kimi, təhlükə hər zaman var. Həmin təhlükə mənbələrindən biri, ilk növbədə, elə Rusiyadır. Buna görə də biz də maksimum çalışmalıyıq ki, bu təhlükəli qonşumuzla münasibətlərdə eskalasiyaya yol verməyək".


Pərvin Şakirqızı