Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Türkiyəyə qarşı hər hansı hücum planı olacağı təqdirdə Ankaranın buna cavab verəcəyini açıqlayıb. Son günlər Türkiyə və İsrail rəsmilərinin bir-birinə qarşı sərt açıqlamaları da iki ölkə arasında münasibətlərin yenidən gərginləşdiyini göstərir.
İsraildə seçki kampaniyası zamanı Ərdoğanın İsrail üçün təhlükə kimi təqdim olunması da bu gərginliyi artıran məqamlardan biridir.
Maraqlıdır, Ərdoğanın bu açıqlamasını sadəcə xəbərdarlıq kimi qiymətləndirmək olar, yoxsa iki ölkə arasında hərbi qarşıdurma ehtimalı həqiqətən artır?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib.
Politoloq qeyd edib ki, İsrail və Türkiyə arasında münasibətlər getdikcə kəskinləşir və hesab edirəm ki, bu gərginliyin yaranmasında əsas rol İsrailə məxsusdur. İsrail Türkiyə ilə qarşıdurmada maraqlıdır:
"Xüsusilə Binyamin Netanyahu seçki ərəfəsində Ərdoğanla hərbi münaqişəyə getməyə çalışır və bununla da öz siyasi reytinqini yüksəltməyi hədəfləyir. Suriyada İsrailin həyata keçirdiyi hərbi əməliyyatları da bir növ Türkiyəni təxribata çəkmək cəhdi kimi qiymətləndirmək olar. Türkiyə hazırda səbirli və təmkinli mövqe nümayiş etdirir.
Lakin Türkiyəyə qarşı hər hansı hücum baş verərsə, təbii ki, Ankara buna cavab verəcək və İsrailə zərbələr endirə bilər. Bununla belə, hazırda Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurmanı real hesab etmirəm.
ABŞ da İsrail və Türkiyə arasında hərbi münaqişənin başlamasında maraqlı deyil və belə bir qarşıdurmanın qarşısını almağa çalışır. Azərbaycanın mövqeyinə gəlincə, Türkiyə bizim qardaş ölkəmiz və strateji müttəfiqimizdir. Azərbaycan bu məsələdə də təbii olaraq Türkiyənin yanında olacaq.
Hazırda Türkiyə ilə İsrail arasındakı münasibətlərin daha da pisləşməsində Binyamin Netanyahunun siyasətinin xüsusi rolu var. Türkiyə Suriyanın təhlükəsizliyində və ərazi bütövlüyündə maraqlıdır.
Ankara Suriyadan İsrailə qarşı hər hansı təhdidin yaranmasını istəmir. Lakin İsrail Türkiyənin bölgədə artan hərbi-siyasi mövqeyini qəbul etmək istəmir və bu səbəbdən Ankaraya qarşı düşmən münasibət nümayiş etdirir.
Hesab edirəm ki, Binyamin Netanyahudan sonra İsrailin yeni rəhbərliyi Türkiyə ilə münasibətlərdə fərqli yanaşma ortaya qoya və iki ölkə arasında normal münasibətlər sistemi formalaşdıra bilər".
Pərvin Şakirqızı