Dağıstan və Çeçenistanda daşqından zərər çəkən vətəndaşlara dövlət tərəfindən ümumilikdə 3,8 milyard rubldan çox(təxm. 77 milyon AZN) maliyyə yardımı ödənilib. Yardımdan təxminən 100 min nəfər yararlanıb.
Moderator.az bu haqda Rusiya KİV-ə istinadla xəbər verir.
“İşlənilməkdə olan maliyyə yardımı müraciətlərinin sayı (yenidən daxil olan ərizələr də nəzərə alınmaqla) ötən həftə ərzində Dağıstan Respublikasında 24, Çeçenistan Respublikasında isə 189 ədəd azalıb. Ümumilikdə 99 mindən çox vətəndaşa 3,8 milyard rubldan artıq məbləğdə ödəniş edilib”, — Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
Nazirliyin məlumatına görə, bu rəqəmlər Rusiya Federasiyasının regionlarında daşqınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyasının növbəti iclasının yekunları əsasında açıqlanıb.
Rusiya FHN-i həmçinin bildirib ki, təbii fəlakətdən zərər çəkmiş regionlarda avqustun 30-dək tezqurulan konstruksiyalardan hazırlanmış yeddi təhsil obyektinin istifadəyə verilməsi planlaşdırılır.
S.Laçın