Gecə ərzində qısa müddətli oyanmalar cəmi bir neçə saniyə çəkir və çox vaxt insan səhər onları xatırlamır. Bu hal xüsusilə səhərə yaxın, yuxu daha səthi olduqda daha çox hiss edilir.
 




Moderator.az “Cursor”-a istinadən xəbər verir ki, gecə saat 2-3 radələrində oyanmağın səbəbləri ilə bağlı internetdə müxtəlif fikirlər yayılıb. Bəziləri bunu stress və hormonlarla, digərləri isə daha ciddi sağlamlıq problemləri ilə əlaqələndirirlər. Lakin yuxu mütəxəssisləri bildirirlər ki, gecə ərzində bir neçə dəfə oyanmaq normal fizioloji haldır.
 
İnsan yuxusu təxminən 90 dəqiqə davam edən dövrlərdən ibarətdir. Bu dövrlər yüngül yuxudan dərin yuxuya qədər müxtəlif mərhələlərlə bir-birini əvəz edir. Sağlam insan gecə ərzində 2-4 dəfə qısa müddətə oyana bilər.
 
Bu cür qısa oyanmalar adətən bir neçə saniyə davam edir. Buna görə də insanların əksəriyyəti səhər gecə ərzində oyandığını xatırlamır.
 
Gecənin ilk yarısında dərin yuxu üstünlük təşkil edir. Səhərə yaxın isə yuxu daha səthi olur. Buna görə də ən kiçik səs-küy və ya hər hansı narahatlıq insanın oyanmasına səbəb ola bilər.
 
Stress və narahatlıq da gecə oyanmalarını artıra bilər. Xroniki stress zamanı orqanizmdə kortizol səviyyəsinin yüksəlməsi yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
 
Bundan başqa, gec saatlarda ağır yemək, çox kofein qəbul etmək, alkoqol içmək və yataq otağındakı narahat şərait də yuxunun bölünməsinə səbəb ola bilər. Hormonal dəyişikliklər, gecə tez-tez tualetə getmək və xoruldama kimi tənəffüs problemləri də gecə oyanmalarının səbəbləri arasında göstərilir.
 
Mütəxəssislər bildirirlər ki, gecə saat 3-də oyanmaq təkbaşına ciddi xəstəlik əlaməti deyil. Amma bu hal tez-tez təkrarlanır və gün ərzində yorğunluq yaradırsa, həkimə müraciət etmək məsləhətdir.