Rusiya Federasiyasında Azərbaycanın deyil, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Moskvada fəaliyyətini davam etdirməyəcək. Ermənistanın baş naziri Nikol Paşinyan onu geri çağırmaq qərarına gəlib və hakimiyyətə yaxın mənbələr qərarın artıq dəyişdirilməyəcəyini bildirirlər.
Moderator.az xəbər verir ki, «Joqovurd» qəzetinin əldə etdiyi eksklüziv məlumata əsasən,
Arsenyanı kimin əvəz edəcəyi hələlik məlum deyil. Məlumata görə, hazırda hətta konkret namizəd də yoxdur.
Bildirilir ki, Nikol Paşinyan Arsenyanın fəaliyyətindən narazıdır. Səbəb isə onun Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılmasına nail ola bilməməsidir. Halbuki Ermənistan-Rusiya münasibətlərinin normallaşdırılmasına məhz Paşinyanın özü də nail ola bilmir. Bunun ən bariz nümunələrindən biri Rusiya prezidenti Vladimir Putinin Ermənistanda keçirilən parlament seçkilərindən sonra Paşinyanı hətta təbrik etməməsidir.
«Joqovurd» qəzeti Arsenyanın geri çağırılması ilə bağlı rəsmi açıqlama almaq üçün Ermənistanın Xarici İşlər Nazirliyinə müraciət edib. XİN-dən bildirilib ki, məsələ onların səlahiyyətində deyil və qəzetə Ermənistan prezidentinin administrasiyasına müraciət etmək tövsiyə olunub. Prezident administrasiyasından isə məsələ ilə bağlı hökumətə müraciət etmək təklif edilib. Baş nazirin sözçüsü isə gün ərzində qəzetin sualına rəsmi cavab verməyib.
Lakin rəsmi qurumlar arasındakı bu «dairəvi» yönləndirməyə baxmayaraq, hakimiyyətə yaxın mənbələr Qurgen Arsenyanın geri çağırılmasının artıq dəyişməz qərar olduğunu iddia edirlər.
İndi əsas məsələ Moskvaya kimin göndəriləcəyi və səfir dəyişikliyinin indiyədək hətta Paşinyan-Putin səviyyəsində həll olunmayan siyasi problemi aradan qaldırıb-qaldıra bilməyəcəyidir.
S.Laçın