“Ermənistanın beşillik proqramında yalnız Azərbaycanla münasibətlər deyil, Türkiyə ilə normallaşma məsələsi də xüsusi yer tutur...”
Ermənistan hökumətinin açıqladığı 2026–2031-ci illəri əhatə edən beşillik proqramda Azərbaycanla əldə edilmiş sülhün möhkəmləndirilməsi və daha yüksək səviyyədə “institusionallaşdırılması” nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin “Habertürk” nəşri yazır.
Nəşrin məlumatına görə, iyun ayında keçirilən seçkilərdə qalib gələn Nikol Paşinyan hökumətinin “Real Ermənistan” konsepsiyasına əsaslanan 2026–2031-ci illər proqramı açıqlanıb.
Proqramda xarici siyasət üzrə qarşıya qoyulan əsas hədəflər sırasında Azərbaycanla əldə olunmuş sülhün möhkəmləndirilməsi və daha yüksək səviyyədə institusionallaşdırılması xüsusi yer tutur.
Sənəddə Bakı ilə sülhün institusionallaşdırılması ilə yanaşı, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi, paraflanmış sülh sazişi mətninin imzalanması və ikitərəfli ticarətin inkişaf etdirilməsi də nəzərdə tutulur.
“Habertürk” yazır ki, Ermənistan hökumətinin proqramında Azərbaycanla münasibətlər üzrə konkret istiqamətlər müəyyənləşdirilib. Bunlara sərhədin müəyyənləşdirilməsi prosesi, sülh sazişinin imzalanması və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi daxildir.
Ankara ilə də normallaşma planı...
Ermənistanın beşillik proqramında yalnız Azərbaycanla münasibətlər deyil, Türkiyə ilə normallaşma məsələsi də xüsusi yer tutur.
Proqrama əsasən, Ankara ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması istiqamətində işlərin aparılması planlaşdırılır. Həmçinin ən azı iki müasir sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması üçün tədbirlərin görülməsi nəzərdə tutulur.
Sənəddə nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində Türkiyə ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ankara ilə ikitərəfli və çoxtərəfli ticarətin təşviq olunması da qarşıya qoyulan məqsədlər sırasında göstərilir.
“Sülh qovşağı” və “TRIPP”...
“Habertürk”ün məlumatına görə, Ermənistan hökumət proqramında ölkənin nəqliyyat və kommunikasiya əlaqələri qarşısındakı maneələrin aradan qaldırılması məqsədi ilə “Sülh Qovşağı” təşəbbüsü və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (“TRIPP”) əsasında layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
Proqramda Gürcüstan, İran, Türkiyə və Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin Ermənistan üçün əsas əhəmiyyət daşıdığı bildirilir.
Ermənistan hökuməti bununla yanaşı, Avropa İttifaqı ilə strateji tərəfdaşlığın dərinləşdirilməsini və ABŞ-la ikitərəfli əməkdaşlığın genişləndirilməsini də planlaşdırır.
“Habertürk” qeyd edir ki, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası iyun seçkilərində səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu qoruyub və hökuməti formalaşdırmaq hüququ əldə edib.
Beləliklə, Ermənistanın qarşıdakı beş il üçün hazırladığı proqramda Bakı ilə sülhün yalnız qorunması deyil, institusional səviyyədə möhkəmləndirilməsi əsas xarici siyasət hədəflərindən biri kimi müəyyənləşdirilib.
S.Laçın