“Türkiyə ilə müharibə istəyi İsrailin özü üçün son dərəcə ağır nəticəli macəra olar...”-KONFLİKTOLOQ
21 Aug 2026, 09:50 18 baxış 6 dəq oxuma
“Netanyahunun ciddi bir hesab səhvi etmək təhlükəsi var. Türkiyəni İran, Suriya və ya Livan kimi görmək olmaz. Türkiyə başqa kateqoriya və başqa bir səviyyədir...”
“Türkiyə rəsmiləri də İsrailin son addımlarını Netanyahu hökumətinin seçkiqabağı siyasəti ilə əlaqələndirirlər...”
**** ***** **** **** **** ****
“İsrailin Türkiyəyə qarşı son gedişlərini necə dəyərləndirirsiniz? Netanyahu doğrudanmı NATO-nun ikinci ordusu ilə savaş riskini qarşısına alır, yoxsa sadəcə seçkiqabağı özünə “piar” toplayır?”
Bu sualları ünvanladığımız siyasi təhlilçi və konfliktoloq Əli Əskərli Moderator.az-a cavabında aşağıdakı fikirləri ifadə edib:
“Hazırkı hadisələr fonunda məsələ artıq yalnız Netanyahu–Ərdoğan ritorikası deyil. İsrailin Suriyadakı Əbu-Duhur aviabazasına zərbəsi və bunu mümkün Türkiyə hərbi yerləşməsinin qarşısını almaqla əsaslandırması Ankara–Təl-Əviv rəqabətini daha təhlükəli mərhələyə keçirib. Türkiyə bu hərbi müdaxiləni kəskin pisləyib və İsrailin izahlarını rədd edib.
Məncə, burada məsələni yalnız “Netanyahu Türkiyə ilə müharibə istəyir, ya istəmir?” sualına gətirmək kifayət deyil. İsrail hazırda Türkiyəni sadəcə regional rəqib kimi deyil, Suriyanın gələcəyi baxımından strateji maneə kimi görür. Bu fikrin tərsi də doğrudur. Bu, son bir-iki ildə baş vermiş çox ciddi bir dəyişiklikdir. Indi Netanyahu Türkiyənin bölgədəki rolunun güclənməsini açıq şəkildə təhlükə kimi təqdim edir...
Amma İsrailin Türkiyə ilə birbaşa müharibəyə getməsi başqa məsələdir. Mən belə bir müharibəni yaxın perspektivdə real hesab etmirəm. Çünki söhbət sıradan bir regional dövlətdən getmir – Türkiyə NATO-nun üzvüdür, böyük və real hərbi gücə, güclü müdafiə sənayesinə və regionda geniş siyasi-hərbi imkanlara malikdir. Türkiyə ordusunun şöhrəti çox böyükdür. Türkiyənin Yaxın Şərqdə yeri də olduqca başqadır. Bir çox Yaxın Şərq dövləti Türkiyənin hərəkətə keçməsi halında ona böyük ölçüdə dəstək verməyə hazırdır. Bundan əlavə, Türkiyə NATO-nun üzvüdür və NATO-nun 2026-cı il Ankara sammitində müttəfiqlər kollektiv müdafiəyə bağlılıqlarını bir daha təsdiqləyiblər...
“Ona görə də Netanyahu Türkiyə ilə müharibəyə hazırlaşır” demək, məncə, həddindən artıq sadələşdirmə olar. Netanyahu öz gücünə arxalanaraq Türkiyə ilə əsla müharibəyə getməz. Apardığı siyasətlə İsrail Türkiyənin qarşısını almağa, onun Suriyada hərbi və siyasi mövqeyinin möhkəmlənməsinə mane olmağa çalışır. Doğrudur, bu hal eskalasiyaya səbəb olaraq müharibədən əvvəlki mərhələyə də çevrilə bilər, amma hələlik əsas məqsəd müharibəyə girmək deyil. İsrailin apardığı siyasət bu gün daha çox çəkindirmə siyasətinə uyğun gəlir...
Amma burada İsrailin ciddi bir hesab səhvi etmək təhlükəsi var. Türkiyəni İran, Suriya və ya Livan kimi görmək olmaz. Türkiyə başqa kateqoriya və başqa bir səviyyədir. Türkiyəyə qarşı təzyiq göstərmək bir şeydir, Türkiyənin təhlükəsizlik maraqlarına birbaşa toxunmaq isə tamam başqa şeydir. Əgər İsrail Suriyada Türkiyənin hərbi varlığını qəbulolunmaz elan edirsə, onda faktiki olaraq Ankara ilə Təl-Əviv arasında yeni bir regional güc mübarizəsini açıq şəkildə elan etmiş olur. Bu mübarizə əslində yeni bir şey deyil. Əsədin devrilməsinin Türkiyə üçün necə strateji bir səhv olduğu da yavaş-yavaş gün üzünə çıxır. Çünki Əsəd Suriyası İsrail üçün əsas təhdidlərdən biri idi və təbii olaraq İsrail ilə Türkiyə arasında tampon bir zona rolu oynayırdı...
Netanyahu bütün bunları seçki üçünmü edir? Bu durumda seçki amilini kənara atmaq olmaz. İsrailin Türkiyəyə qarşı sərt ritorikası daxili auditoriyaya hesablanmış ola bilər. Türkiyəni “İsrailin qarşısında dayanan yeni regional təhlükə” kimi təqdim etmək Netanyahu üçün siyasi baxımdan faydalı ola bilər. Üstəlik, Türkiyə rəsmiləri də İsrailin son addımlarını Netanyahu hökumətinin seçkiqabağı siyasəti ilə əlaqələndirirlər...
Amma mən bunu sadəcə “piar” adlandırmazdım. Çünki ortada artıq real strateji toqquşma var: İsrail Suriyada Türkiyənin nüfuzunun artmasını istəmir, Türkiyə isə Suriyanın parçalanmasına və ölkənin başqa güclərin təsir dairəsinə çevrilməsinə razı deyil. Deməli, burada şəxsi Netanyahu–Ərdoğan qarşıdurmasından daha böyük bir məsələ var. Bu məsələ Yaxın Şərqin gələcək düzəninin kim tərəfindən formalaşdırılması və orada kimin dominant olması məsələsidir...
Netanyahu Türkiyə ilə müharibə etmək istəyirsə, bu, İsrailin özünün də son dərəcə ağır nəticələrini hesablamaq məcburiyyətində qalacağı bir macəra olar. Türkiyəni sınağa çəkmək başqa, Türkiyə ilə müharibəyə girmək tamam başqa şeydir. Məncə, Ankara üçün də ən doğru strategiya emosional cavab vermək yox, soyuqqanlı şəkildə İsrailə göstərməkdir ki, Türkiyənin qırmızı xətləri var – və həmin xətləri keçməyin bədəli çox yüksək ola bilər...
Qeyd edək ki, bölgədəki münaqişənin eskalasiya riski ABŞ tərəfindən də çox ciddi qəbul edilir. ABŞ hazırda Ankara–Təl-Əviv arasında Suriyada toqquşmanın qarşısını almaq üçün ayrıca ‘yatıştırma’ mexanizmi yaratmağa çalışır. Bütün hallarda, İsrailin çox qabağa gedəcəyinə indiki mərhələdə ehtimal vermək üçün bir əsas yoxdur..."