“Niyazi mənim üçün mənəvi ata olub, onun şəxsiyyəti və sənəti bu peşəyə gəlməyimdə böyük rol oynayıb” - Yalçın Adıgözəlov+ÖZƏL
21 Aug 2026, 09:23 18 baxış 6 dəq oxuma
“Bu gün, avqustun 20-si musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. Məhz bu gün dahi musiqiçi, görkəmli dirijor, böyük Üzeyir bəyin varisi, onun sənət yolunun layiqli davamçısı, unudulmaz, maestro Niyazi dünyaya gəlib. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafı tarixində silinməz iz qoyub. Şübhəsiz ki, maestro Niyazi Azərbaycanın adını ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanıdan və ucaldan ilk azərbaycanlı dirijor olub və əbədi olaraq belə də qalacaq”.
Bunu Moderator.az-a özəl açıqlamasında Xalq artisti Yalçın Adıgözəlov deyib.
O daha sonra əlavə edib:
“Bu gün sərhədlər açıqdır və milli musiqi irsimizi dünyanın hər yerində təbliğ etmək üçün geniş imkanlarımız var. Təbii ki, bu, bizim üçün böyük üstünlükdür. Lakin maestro Niyazinin yaşayıb-yaratdığı dövrdə, xüsusilə 1950–1960-cı illərdə Sovet İttifaqı şəraitində xaricə səfər etmək olduqca çətin idi. Buna baxmayaraq, Niyazinin istedadı o qədər böyük idi ki, onun sənətini Avropanın ən mötəbər səhnələrində qəbul edir, alqışlayırdılar. Sovet İttifaqında isə o, böyük şöhrətə, nüfuza və hörmətə malik idi. Onun sənətini böyük sovet dirijorluq məktəbinin görkəmli nümayəndələri də yüksək qiymətləndirirdilər”.
Yalçın Adıgözəlov babasının və atasının maestro Niyazi ilə sıx dostluq bağlarının olduğunu bildirib:
“Mən maestro Niyazi ilə şəxsən ünsiyyətdə olmaq xoşbəxtliyinə nail olmuşam. O zaman mən hələ çox gənc idim. Lakin Niyazi mənim babam- görkəmli xanəndə Zülfü Adıgözəlov ilə dostluq edirdi. Sonralar bu dostluq atamla da davam etdi. Maestro Niyazi bizim evimizin tez-tez qonağı olurdu, valideynlərimlə dostluq edirdi. Mən isə uşaqlıqdan onların münasibətlərini-əsl, kişi dostluğunu, səmimi, dürüst, təmiz və təmənnasız dostluğu müşahidə etmək xoşbəxtliyinə sahib olmuşam. Maestro Niyazi bəstəkar Vasif Adıgözəlovu həmişə dəstəkləyirdi. O, atamın bir çox əsərlərinin ilk ifaçısı, “Ölülər” operalarının əsas quruluş rəhbəri olmuş, bir çox əsərlərinin, o cümlədən Üçüncü simfoniyasının və instrumental konsertlərinin premyeralarını idarə etmişdir. Hətta Niyazi atamdan mühüm dövlət və təntənəli tədbirlərə həsr olunmuş xüsusi əsərlər yazmasını xahiş edirdi. Mən uşaqlıq və yeniyetməlik illərimi də yaxşı xatırlayıram. Maestro Niyazi hər il Yeni il bayramı münasibətilə bizi öz evində toplayardı. Həmin görüşlər ömrüm boyu yaddaşımda qalacaq. Təbii ki, bu insana olan böyük məhəbbət və hörmət mənə də təsirsiz ötüşə bilməzdi. Məhz maestro Niyazini müşahidə edərək mən dirijorluq sənətinə aşiq oldum. Buna görə də tam əminliklə deyə bilərəm ki, Niyazi mənim üçün bir növ mənəvi ata olub-məhz onun şəxsiyyəti və sənəti mənim bu peşəyə gəlməyimdə böyük rol oynayıb. Bu günə qədər maestro Niyazinin Leninqrad Konservatoriyasındakı professorum Musinə yazdığı məktubu ən qiymətli yadigar kimi qoruyub saxlayıram. O məktubda mənim üçün ən xoş arzularını və xeyir-dualarını çatdırmışdı. Bu, mənim üçün sadəcə bir sənəd deyil, şəxsi tariximin və böyük bir insanın xatirəsinin qiymətli parçasıdır”.
Yalçın Adıgözəlov bildirib ki, Niyazinin musiqi irsi daim yaşayacaq:
“Niyazinin irsinin qorunması və təbliği məsələsinə gəldikdə isə, mən əminəm ki, onun musiqisi Azərbaycan musiqi mədəniyyəti mövcud olduğu müddətdə səslənib, səslənir və həmişə səslənəcək. Onun ölməz «Rast» əsəri bu gün də dünyanın müxtəlif ölkələrində səslənir. Mən bu əsəri bir neçə dəfə kompakt diskə yazdırmışam, Avropanın müxtəlif ölkələrində dəfələrlə ifa etmişəm və hər dəfə bu musiqi dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Hətta «Rast» əsəri əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet də tamaşaya qoymuşuq. Onun ölməz «Arzu» romansı, xalq mahnılarının gözəl işləmələri-bütün bunlar Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxildir. Mən əminəm ki, bu musiqi həmişə yaşayacaq. Keçən il maestro Niyazinin doğum gününü Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çox geniş şəkildə qeyd etdik. Tədbirə böyük maraq var idi, tamaşaçıların böyük axını və yüksək fəallığı müşahidə olunurdu. Bu il isə sıx iş qrafikimizə görə, təəssüf ki, belə bir tədbir keçirmək mümkün olmadı. Lakin düşünürəm ki, artıq yaxın gələcəkdə maestro Niyazi ilə bağlı əlamətdar və yubiley tarixlərinə mütləq qayıdacağıq və onun irsinə həsr olunmuş konsertləri yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da keçirəcəyik. Çünki bizim borcumuz bu böyük şəxsiyyətin xatirəsini qorumaq, onun yaradıcılıq irsini layiqincə təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Maestro Niyazinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ruhu şad olsun”.