Hindistanın müdafiə katibi Raçeş Kumar Sinqxin İrəvana səfəri fonunda Ermənistan-Hindistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyi bildirilir. Rusiya mediasında yayılan təhlillərdə diqqət təkcə yeni silah müqavilələrinə deyil, iki ölkə arasında Baş Qərargahlar səviyyəsində əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesində birgə istehsal və texnoloji tərəfdaşlıq istiqamətində atılan addımlara yönəldilir.
Eyni zamanda, bu proses Ermənistanın uzun illər əsas hərbi tərəfdaşı olmuş Rusiyadan uzaqlaşması və təhlükəsizlik strategiyasında yeni istiqamətlər formalaşdırması kontekstində qiymətləndirilir. Bunun regiondakı qüvvələr balansına və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına mümkün təsirləri müzakirə mövzusudur.
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputati Əli Hüseynli açıqlama verib.
Deputat qeyd edib ki, Hindistanın müdafiə katibi Raçeş Kumar Sinqxin avqust ayında İrəvana səfəri zamanı müdafiə sahəsində birgə tədqiqat, innovasiya, hərbi-texniki əməkdaşlıq, kadr hazırlığı və birgə qərargah danışıqlarının institusionallaşdırılması məsələləri müzakirə olunub və müdafiə sahəsində yeni əməkdaşlıq memorandumu imzalanıb:
"Bu, artıq sadəcə silah satışından daha geniş, uzunmüddətli hərbi-strateji tərəfdaşlığın formalaşdırılmasına işarədir.
Hindistan üçün başqa mühüm faktor Pakistan məsələsidir. Azərbaycan–Pakistan münasibətlərinin son illərdə strateji xarakter alması və Pakistanın Ermənistanla münasibətlərini dəyişməsi Cənubi Qafqazı Yeni Dehli üçün daha diqqətçəkən edir.
Bu mənada Hindistan Ermənistanla əlaqələri dərinləşdirməklə bir tərəfdən öz müdafiə sənayesinə yeni bazar yaradır, digər tərəfdən isə regionda Pakistanın təsirinin artmasını balanslaşdırmaq imkanları əldə edir.
Lakin Azərbaycan baxımından məsələyə emosional yox, realist yanaşmaq lazımdır. Hindistanın Ermənistanla hərbi əməkdaşlığının dərinləşməsi Cənubi Qafqazdakı qüvvələr balansına müəyyən təsir göstərir və Azərbaycanın təhlükəsizlik baxımından bunu diqqətlə izləməsi tamamilə təbiidir.
Amma bunu birmənalı olaraq Azərbaycan əleyhinə formalaşan vahid geosiyasi cəbhə kimi qiymətləndirmək doğru olmazdı.
Azərbaycanın ən düzgün strategiyası yeni reallıqları nəzərə almaq, öz müdafiə qabiliyyətini və diplomatik imkanlarını gücləndirmək, eyni zamanda Hindistanla ikitərəfli münasibətləri rəqabətdən çox qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdir".
Pərvin Şakirqızı