Xalq iqtisadi problemlərdən şikayət edəndə nankor olur?..- İran deputatından rəzil açıqlama...
21 Aug 2026, 17:20 24 baxış 4 dəq oxuma
İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi ölkədəki iqtisadi durumdan narazılıq edən vətəndaşları tənqid edib və İran xalqını “nankor” adlandırıb.
Moderator.az yerli və digər xarici mənbələrə istinadla xəbər verir ki, Rəsayi ölkədə bahalaşma və ağır iqtisadi vəziyyətdən şikayət edən vətəndaşların mövqeyini tənqid edərək onların mövcud şəraiti düzgün qiymətləndirmədiyini iddia edib. O bildirib ki, İran xalqı başqa ölkələrə səfər etməli, həmin ölkələrdəki yaşayış şəraiti və iqtisadi problemlərlə tanış olmalıdır.
İranlı deputatın sözlərinə görə, insanlar ölkədəki “nemətlərin” fərqində deyillər və bu səbəbdən vəziyyətdən narazılıq edirlər. Rəsayi hətta İran xalqını “naşükür” (“nankor”) adlandıraraq, İslam Respublikasının imkanlarının dünyanın başqa yerlərində olmadığını iddia edib. Bu açıqlama İran mediasında və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Rəsayinin bu fikirləri İran əhalisinin ciddi iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda səslənib. “Əl-Cəzirə”nin məlumatına görə, İranın Statistika Mərkəzinin son göstəricilərində ərzaq inflyasiyası illik ifadədə 128 faizə çatıb. Ərzaq məhsullarının qiymətlərindəki artım xüsusilə əhalinin gündəlik xərclərinə ciddi təsir göstərir.
Reuters də avqust ayında İran iqtisadiyyatında vəziyyətin daha da ağırlaşdığını yazıb. Agentliyin məlumatına görə, iyulda ölkədə illik inflyasiya 66 faizə çatıb, ərzaq qiymətləri isə 128 faiz yüksəlib. Milli valyutanın dəyər itirməsi, işsizliyin artması və müharibənin iqtisadiyyata vurduğu zərər əhalinin alıcılıq qabiliyyətini daha da zəiflədib.
İranın iqtisadi vəziyyəti ilə bağlı digər məlumatlarda da oxşar mənzərə ortaya çıxır. “Iran International”ın Statistika Mərkəzinə istinadən yaydığı xəbərə görə, iyulun sonlarında illik inflyasiya 66 faiz, illik müqayisəli qiymət artımı isə 87,9 faiz təşkil edib.
“Əl-Cəzirə”nin yazdığına görə, bəzi əsas ərzaq qruplarında qiymət artımı daha kəskin olub: yağ və piy məhsullarında illik artım 261 faiz, süd, pendir və yumurtada 147 faiz, ət və quş ətində isə 145 faiz təşkil edib.
İran iqtisadiyyatındakı problemləri yalnız xarici sanksiyalarla əlaqələndirmək də mümkün deyil. İran parlamentinin iqtisadi komitəsinin üzvləri arasında belə hökumətin iqtisadi idarəçiliyinə ciddi tənqidlər səslənir. Avqustun əvvəlində bir iranlı deputat rialın dəyərdən düşməsinin davam edəcəyi təqdirdə ölkənin qarşıdakı aylarda yeni inflyasiya dalğası ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib və hökumətin iqtisadi idarəçiliyini kəskin tənqid edib.
Bununla yanaşı, İranın iqtisadi vəziyyətinə ABŞ-ın yeni sanksiya təhdidləri və iqtisadi təzyiq də əlavə yük yaradır. Reuters-in məlumatına görə, Vaşinqton avqustun 20-də İrana qarşı “tarixdəki ən sərt” sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. İran rəsmiləri isə bu siyasəti “iqtisadi müharibə” kimi qiymətləndirirlər.
Belə bir şəraitdə Rəsayinin vətəndaşların iqtisadi narazılığını “nankorluq” kimi təqdim etməsi İran sosial şəbəkələrində də istehza və tənqidlə qarşılanıb. Sosial media paylaşımlarında deputatın xalqa başqa ölkələrə səfər etməyi tövsiyə etməsi xüsusilə müzakirə mövzusuna çevrilib.