“Anam teatrdan özü çıxıb. Heç kim onu uzaqlaşdırmayıb. Bir dəfə tamaşanın məşqində anam əsnəyib, yuxulayıb. Öz-özünə deyib ki, “vso”, Barat, artıq getməlisən”. O qorxurdu ki, sabah tamaşada da bu hal baş verə bilər. İndi aktyorlar 80 yaşında da səhnədə olurlar. Teatrdan ayrılmaq istəmirlər. Mən teatr institunu bitirəndə Tofiq Kazımov teatra dəvət etdi. Bildim ki, evdə mənə həyat yoldaşım icazə verməyəcək. Anam soruşdu ki, neçə yaşın var? Dedim ki, 32. Dedi ki, mən sənin yaşında xalq artisti idim, indi sən yenidən başlamaq istəyirsən? Ona görə də teatra yox, televiziyaya gəldim”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk ali dərəcəli qadın rejissoru Solmaz Həmzəyeva deyib.
O daha sonra ailə həyatından danışıb:
“Bilirsiniz ki, anam Barat Şəkinskaya 3 dəfə ailə həyatı qurub. Birinci dəfə mənim atam Mir İbrahim Həmzəyevlə evlənib. Atam onun dram dərnəyində müəllimi olub. 17 yaşında olanda mən dünyaya gəlmişəm. Daha sonra Şəmsi Bədəlbəyli ilə ailə həyatı qurub. Bu evlilikdən bacım Rövşanə dünyaya gəlib. Mehdi Məmmədov ilə evliliyindən isə Elçin dünyaya gəlib. Mən Elçini o qədər çox istəyirdim ki.. Fərhad Bədəlbəyli bacım Rövşanənin qardaşıdır. Ata bir, ana ayrı qardaşıdır. Fərhad Bədəlbəyli ilə aramızda ögey münasibət yoxdur. Həmişə deyirəm ki, bacımın qardaşıdır. Uşaqlıqdan gözümün qabağında böyüyüb. Biz hamımız dost olmuşuq. Anam qoymayıb ki, biz ayrı-seçkilik salaq. Hərçənd ki, qan qohumluğumuz yoxdur. Bədəlbəyli zəng edir, maraqlanır. Bacım Amerikada yaşayır. Doğum günümdə Azərbaycana gəlmişdi. Onun da 90 yaşı var” deyə 95 yaşlı Solmaz Həmzəyeva deyib.