Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə müttəfiqlik səviyyəsinə yüksəlib və onun təsir gücü ikitərəfli çərçivəni xeyli aşır. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi son müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, iqtisadiyyat, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafında Özbəkistanla tərəfdaşlığın xüsusi əhəmiyyət daşıdığını da qeyd edib.
Maraqlıdır, Azərbaycan–Özbəkistan müttəfiqliyinin hazırkı səviyyəsi qarşıdakı mərhələdə hansı yeni əməkdaşlıq imkanlarını ortaya çıxara bilər?
Bakı–Daşkənd tərəfdaşlığı Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi, nəqliyyat və geosiyasi əlaqələrin gücləndirilməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Sahib Alıyev açıqlama verib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin 2024-cü ildə Özbəkistana dövlət səfərindən bir il sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri edib. Məhz bu səfərlər zamanı, cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də vurğuladığı kimi, iki ölkə arasında “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalandı:
"Bax, elə bunun özü – aradan bir il keçməmiş strateji tərəfdaşlıq münasibətlərindən müttəfiqlik münasibətlərinə keçid – iki dövlət arasında əlaqələrin nə dərəcədə sürətlə möhkəmləndiyinin ən dəqiq göstəricisidir. Azərbaycanla Özbəkistan arasında əlaqələrin bu qədər sürətlə inkişaf etməsinə təəccüblənmək lazım deyil. Bunun səbəbi, əslində, cənab Prezidentin həmin müsahibəsində də açıqlanır. O, hər iki dövlət səfəri zamanı imzalanan sənədlərdən danışarkən, onları “təbii müttəfiqliyin rəsmi olaraq möhkəmləndirilməsi” kimi qiymətləndirir.
Beləliklə, diqqətə çatdırılır ki, Azərbaycanla Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri var və bu müttəfiqliyin arxasında hər iki xalqın iradəsi, bir-birinə olan sevgisi və doğmalığı dayanır. Azərbaycanla Özbəkistan arasında bu cür səmimi və hər iki ölkənin vətəndaşları tərəfindən eyni dərəcədə alqışlanan əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya prosesinə də töhfə verir”.
Sahib Alıyev qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət yetirib. Dövlət başçısı Azərbaycanın və Özbəkistanın TDT çərçivəsində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişafına verdiyi töhfələrin türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət etdiyini bildirib:
“Beləliklə, müsahibədə deyilənlərdən də hiss olunur ki, Azərbaycan Prezidentinin cəmi iki il fasilə ilə qardaş Özbəkistana etməyi planlaşdırdığı ikinci dövlət səfəri ikitərəfli əlaqələrdə dərin iz buraxmaqla yanaşı, həm TDT, həm də C6 çərçivəsində çoxtərəfli əməkdaşlığa da təsirsiz ötüşməyəcək. İmperiya mərəzindən qurtula bilməyənlər, bizə hələ də “təsir zonası” olaraq baxanlar çox keçmədən sözügedən təşkilat və birliyin təsir gücünü daha aydın hiss edəcəklər.
Və bəlkə də anlayacaqlar ki, Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın müttəfiqliyi təbii olduğu kimi, yeni geosiyasi reallıq da təbii prosesdir və onun qarşısını heç kim ala bilməyəcək. Niyəsini bilmək üçün adıçəkilən dövlətlərin qüdrətli keçmişlərinə, yaratdıqları imperiyalara baxmaq yetər. Baxsalar, görərlər ki, geosiyasi fəlakət də, anomaliya da əslində bizim son iki-üç əsrdə üzləşdiyimiz vəziyyət idi. Çox şükür ki, aradan qalxır!”
Pərvin Şakirqızı