Bahalı toyun xoşbəxt və uzunömürlü evliliyin göstəricisi olduğu düşünülür. Lakin araşdırma bunun əksini göstərən maraqlı nəticələr ortaya qoyub.


Moderator.az xəbər verir ki, bu barədə "Scienceblog" yazıb.






Emori Universitetinin iqtisadçıları 3 mindən çox amerikalı cütlüyün məlumatlarını araşdırıblar. Nəticələrə görə, xüsusilə yüksək məbləğlər xərclənən toylar daha yüksək boşanma riski ilə əlaqələndirilib.


Araşdırmada toyun və üzüyün qiyməti ilə yanaşı, cütlüklərin yaşı, gəliri, uşaqlarının olub-olmaması və əvvəl birgə yaşayıb-yaşamamaları da nəzərə alınıb.


Məlum olub ki, 20 min dollardan baha toy edən qadınların boşanma ehtimalı 5-10 min dollar xərcləyənlərlə müqayisədə daha yüksək olub. Ən aşağı boşanma göstəricisi isə toyuna 1000 dollardan az xərcləyən cütlüklərdə qeydə alınıb.


Mütəxəssislər bunun əsas səbəblərindən birinin maliyyə stressi ola biləcəyini bildirirlər. Toy üçün böyük məbləğlər xərcləmək və borca düşmək evliliyin ilk illərində əlavə maliyyə problemləri və münaqişələr yarada bilər.


Digər tərəfdən, araşdırmada maraqlı bir məqam da üzə çıxıb: toyda qonaqların sayının çox olması daha aşağı boşanma riski ilə əlaqələndirilib. Alimlər bunu cütlüyün geniş sosial dəstək şəbəkəsinə sahib olması ilə izah edirlər.


Beləliklə, araşdırmanın nəticələri xoşbəxt evliliyin böyük büdcəli toy və bahalı üzükdən deyil, maliyyə sabitliyindən, sosial dəstəkdən və sağlam münasibətlərdən daha çox asılı ola biləcəyini göstərir.