"Bu ilin sonlarına qədər Rusiyanın kapitulyasiyaya gedəcəyi kifayət qədər real görünür...”
22 Aug 2026, 14:14 27 baxış 5 dəq oxuma
"Rusiya artıq 170 millət və xalqın birliyindən ibarət ola bilməyəcək...”
“O çox da uzaq olmayan bir zamanda param-parça və yoxsul əyalət dövlətinə çevriləcək...”
Siyasi şərhçi Qabil Hüseynli Moderator.az-a budəfəki açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı açıqladığı 5 illik plan və həmin plana qarşı Rusiyanın görə biləcəyi əks tədbirlər haqda danışıb.
Q.Hüseynli bildirib ki, Paşinyan prosesləri lazım olan həddə gətirib çatdırıb:
“İndi də Paşinyan 5 il üçün, belə deyək, kişi kimi sülh vədi verir. Məncə, Ermənistan kimi ən azı son 100 ildən çox müddətdə ifrat millətçi və Azərbaycana qarşı o qədər xoş olmayan münasibətlərə malik bir cəmiyyətdə bu qədər cəsarətlə danışmaq çox çətindir və şücaət tələb edir. Bu, hər kişinin işi deyil. Üstəlik, onun bu bəyanatı sülhə olan birgə niyyətlərimizi daha da möhkəmləndirir”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Paşinyan yalnız Azərbaycanla deyil, Türkiyə ilə də münasibətlərin yaxşılaşdırılmasına və hətta diplomatik münasibətlərin yaradılmasına çalışır:
“Zənnimcə, əgər Türkiyə ilə diplomatik münasibətlər yaradılacaqsa, Azərbaycanla da sülh müqaviləsindən sonra gec-tez diplomatik münasibətlər yaradılacaqdır”.
Qabil Hüseynli Rusiyanın sözügedən beşillik sülh planına qarşı görə biləcəyi tədbirlərdən söz açarkən bu imperiyanın hazırkı vəziyyətinə toxunaraq vurğulayıb ki, Moskva hazırda çox çətin durumdadır:
“Rusiyaya gəldikdə, fikrimcə, bu dövlət çox çətin vəziyyətdədir, başqa sözlə desək, canının hayındadır. Bu saat Qərb siyasi dairələrində Rusiyanın milli əlamətlər üzrə bölünməsi ilə bağlı müzakirələr gedir. Odur ki, Rusiya həmişəki kimi 170 millət və xalqın birliyindən ibarət ola bilməyəcək. Mənə elə gəlir ki, artıq Rusiyanın Uraldan o tərəfə, Uzaq Şərqə, Kamçatkaya qədər at çapmasına imkan verilməyəcək. Və yüz illərdir nəinki qonşularını, bütün dünyanı öz vəhşi, işğalçı xisləti ilə narahat edən bu imperiya çox da uzaq olmayan bir zamanda əyalət dövlətinə çevriləcək. Özü də param-parça olunmuş və yoxsulluq şəraitində çırpınan əyalət dövlətinə dönəcək”.
Q.Hüseynli qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya Rusiya ilə müharibədə dəstək verməsinin səbəbi yalnız Rusiyanın Ukraynadan sonra Avropa ölkələrinə basqın edə biləcəyi ilə bağlı deyil:
“Neçə yüz illərdir, 200-300 ildən artıqdır ki, Rusiya imperiyası Qərb üçün baş ağrısına çevrilib. Onu neçə dəfə əzib yerində oturdublar, amma yenidən dirçəlib. İndi də Rusiyanın tamamilə əzilməsinə və o 174 xalqın heç olmasa 100-nün özlərinə müstəqil bir dövlət qurması üçün gözəl şərait yaranıbdır. Mənə elə gəlir ki, Qərb dövlətləri bu şəraitdən istifadə edəcəklər”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, əvvəlki “bra-bra” deyən Rusiya artıq yoxdur:
“Bu gün Rusiya neft ölkəsi, qaz ölkəsi olsa da, öz hərbi maşınlarına, avtomobillərinə, öz kənd təsərrüfatı maşınlarına benzin, dizel və digər yanacaq məhsulları tapa bilmir. Və əgər diqqət edirsinizsə, son təxminən 10 gündə Ukrayna ordusuna yeni bir baş komandan təyin ediləndən sonra ölkənin hərbi rəhbərliyində daha sıx birlik yaranıb və nəticədə ordunun uğurlarının sayı bir xeyli artıb. Ruslar böyük həyəcan içərisindədirlər... Öz dövlətlərinin gələcəyi üçün, özlərinin gələcəyi üçün... Və mən əminəm ki, bu ilin sonlarına qədər Rusiyanın kapitulyasiyaya getməsi kifayət qədər real görünür...”