İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi "IRIB" dövlət televiziyasına verdiyi eksklüziv müsahibədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı həyata keçirdiyi hərbi hücumları və təzyiq siyasətini kəskin dillə tənqid edib. Rzayi, Vaşinqtonun bu aqressiv addımlarının qlobal təhlükəsizlik sistemini iflic etdiyini və digər dövlətləri müdafiə məqsədilə fərqli alternativlərə yönəltdiyini vurğulayıb.
Moderator.az İran və digər xarici saytlara istinadla xəbər verir ki, Möhsün Rzayi rəsmi Tehranın mövqeyini ifadə edərək, ABŞ-nin birtərəfli hərbi müdaxilələrinin dünya miqyasında çox təhlükəli bir tendensiyaya yol açdığını bildirib.
Onun sözlərinə görə, Ağ Evin bu addımları beynəlxalq hüququn və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ("NPT") effektivliyini tamamilə heçə endirib.
İran rəsmisi məsələyə münasibət bildirərkən konkret olaraq bu ifadələri işlədib:
"Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün dünyada insanların nüvə silahına sahib olmaq həvəsini artırdı".
Rzayi qeyd edib ki, kiçik və ya orta miqyaslı dövlətlər ABŞ-nin bu cür gözlənilmez və aqressiv hücumlarından qorunmaq üçün yeganə çıxış yolunu öz nüvə arsenalını yaratmaqda görə bilərlər və bu da qlobal nüvə qeyri-sabitliyinə rəvac verir.
İranın rəsmi dövlət mediası, o cümlədən "IRIB" (İran İslam Respublikasının Səda və Sima Təşkilatı), "IRNA" dövlət xəbər agentliyi və "Tasnim" agentliyinin yaydığı məlumata görə, təhlükəsizlik rəhbəri bu açıqlamaları televiziya vasitəsilə xalqa müraciətində səsləndirib. O, Vaşinqtonun regionda nüvə təhlükəsizliyi formalaşdırmaq bəhanəsi ilə əslində nüvə xaosu yaratdığını bəyan edib.
Mənbə xatırladır ki, Möhsün Rzayinin bu sərt bəyanatı beynəlxalq mətbuatda da geniş əks-səda doğurub. İngiltərənin "The Guardian" qəzeti, regional xəbər nəhəngi "Əl-Cəzirə"("Al Jazeera"), Asiyanın aparıcı agentliklərindən olan "ANI News" və "Iran International" kimi xarici media resursları iranlı rəsminin ABŞ administrasiyasına yönələn "nüvə təhlükəsizliyi əvəzinə qeyri-sabitlik yaradılması" ittihamlarını manşetlərə daşıyıblar.
Xarici KİV xatırladır ki, rəsmi Vaşinqton və Donald Tramp administrasiyası İrana qarşı yönələn hərbi əməliyyatların və preventiv zərbələrin yeganə məqsədinin Tehran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq və Yaxın Şərqdə təhlükəsizliyi təmin etmək olduğunu bəyan edir. Tehran isə bu addımları qlobal nüvə yarışını qızışdıran əsas amil kimi qiymətləndirir...
S.Laçın