Ev heyvanlarının uşaqların inkişafına müsbət təsir etdiyi, onların məsuliyyət, empatiya və sosial bacarıqlarının formalaşmasına kömək etdiyi düşünülür. Lakin yeni araşdırma evdə saxlanılan heyvanın növünün də uşaqların psixoloji rifahı ilə əlaqəli ola biləcəyini göstərib.


Moderator.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.






Tədqiqatçılar uşaqları analarının hamiləlik dövründən 6-7 yaşa qədər izləyən genişmiqyaslı INMA layihəsinin məlumatlarını araşdırıblar. Araşdırmaya təxminən 1900 ailənin məlumatları daxil edilib.


Ailələrin 52,3 faizində ev heyvanı olub. Ən çox saxlanılan heyvanlar itlər (19,1 faiz), quşlar (14,8 faiz) və pişiklər (8,7 faiz) olub. Digər ailələrdə isə hamster, dovşan, tısbağa və balıq kimi heyvanlar saxlanılıb.


Alimlər uşaqlarda narahatlıq, depressiya əlamətləri və aqressiv davranışla ev heyvanlarının növü arasında mümkün əlaqəni araşdırıblar.


Nəticələrə görə, 4-5 yaşlı uşaqlarda pişiklərlə bir evdə yaşamaq daha çox psixoloji problemlərin bildirilməsi ilə əlaqəli olub. Bununla belə, tədqiqatçılar xüsusi olaraq vurğulayıblar ki, bu nəticə pişiklərin uşaqlarda psixoloji problemlərə səbəb olduğunu sübut etmir.


Mütəxəssislər mümkün izahlardan biri kimi pişiklərin daha müstəqil xarakterə malik olmasını göstərirlər. Həmçinin ailənin niyə məhz pişik saxlamağı seçməsi, uşağın xarakteri və ailə mühiti kimi digər amillərin də nəticələrə təsir göstərə biləcəyi qeyd olunur.


İtlər və quşlarla bağlı isə uşaqların psixoloji vəziyyətinə təsir edən belə ardıcıl əlaqə müəyyən edilməyib.


Maraqlı nəticələrdən biri də hamster, dovşan, tısbağa və balıq kimi digər ev heyvanları ilə bağlı olub. Bu heyvanlarla yaşayan uşaqlarda daha yaxşı psixoloji rifah göstəriciləri müşahidə edilib. Tədqiqatçılar bunun heyvanlara müntəzəm qulluq etməyin uşaqlarda məsuliyyət və empatiya hissini, eləcə də emosiyaları idarə etmək bacarığını inkişaf etdirməsi ilə əlaqəli ola biləcəyini bildirirlər.


Alimlərin fikrincə, ev heyvanı uşağın həyatında emosional dəstək mənbəyinə çevrilə, onun sosial bacarıqlarının inkişafına və digər insanların bədən dili və emosiyalarını daha yaxşı anlamasına kömək edə bilər.


Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, ailədə ev heyvanının olması öz-özlüyündə uşağın psixoloji rifahının yaxşılaşacağına zəmanət vermir.