Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib. Xəstəxanaya yerləşdirilən sənətkarın səhhəti haqda Moderator.az məlumat əldə edib.Belə ki, 72 yaşlı aktrisanın vəziyyəti ağırdır. Həyatı təhlükəsi olmasa da həkimlər onu reanimasiyadan çıxarmağa tələsmir. O, Musa Nağıyev adına xəstəxanada müalicə alır. Yaxınları aktrisanı özəl xəstəxanalardan birinə yerləşdirmək istəsə də, həkimlər onu aldığı xəsarətlərə görə yerindən tərpətməyin mümkün olmadığını bildiriblər.
Aktrisanın sənət dostu, Xalq artisti Nurəddin Mehdixanlı Moderator.az-a açıqlamasında bunları bildirib:
"Onun qızı Moskvada yaşayır. Şükufə xanım Bakıda tək yaşayır. Hazırda şəhərdə deyiləm, mən də sizin qədər bilirəm. Teatrla müntəzəm olaraq əlaqə saxlayıram, səhhəti haqda məlumat alıram. Ümid edirəm və inanıram ki, Şükufə xanım tezliklə sağalıb ayağa qalxar və yeni teatr mövsümündən bizimlə birlikdə olar" deyə o bildirib.
Əməkdar artist, aktrisa Dilarə Əliyeva isə saytımıza açıqlamasında sənətkarın səhhətinin dövlət nəzarətində olduğunu bildirib:
"Mən də hamı kimi çox narahatam. Hazırda heç bir rəsmi məlumat və açıqlama ala bilmirəm. Yaxınlarından kimə müraciət edəcəyimi bilmirəm, çünki məndə təkcə öz şəxsi nömrəsi var. Yəqin ki, Mədəniyyət Nazirliyinin nümayəndələri onun yanındadır. Allah sənətkarımıza can sağlığı versin" deyə aktrisa bildirib.
Qeyd edək ki, aparılan müayinələrin nəticələrinə əsasən, aktrisaya çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.