“Putin hakimiyyətdən dördəlli yapışıb və öz hakimiyyətini əbədi etmək üçün hər şey edir”
23 Aug 2026, 12:55 22 baxış 2 dəq oxuma
Rusiya-Ukrayna müharibəsi uzandıqca iki dövlət arasındakı mövcud qarşıdurmanın yaxın gələcəkdə bitəcəyinə olan inam hissi də azalmaqdadır. Artıq bəzi siyasilər iddia edir ki, müharibənin bitməsi yalnız Putinin Rusiya hakimiyyətinən gedəcəyi təqdirdə mümkündür. Bəs Putinin hakimiyyətdən getməsi ehtimalı nə qədər realdır?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Putinin hakimiyyət hərisliyinin sərhəd tanımadığını bildirib:
“Putinin hakimiyyətdən getməsi mümkün deyil. O, hakimiyyətdən dördəlli yapışıb. Rusiyada bütün güc strukturları, media, icra hakimiyyətləri və s. hamısı Putin hakimiyyəinin əbədiləşdirilməsinə xidmət edir. O, yalnız Allahın qərarı ilə həyatdan gedərsə, hakimiyyətini itirə bilər.
Putin hakimiyyətdən getsə belə, müharibə anidən dayanmayacaq. Hansısa mərhələlər keçilməlidir ki, müharibə dayansın. Bu da müəyyən bir vaxt aparacaq”.
Politoloq qeyd edib ki, dünya dövlətlərinin Ukraynaya dəstəyini artırması da, müharibənin gedişatına ciddi təsir göstərməyəcək:
“Dünya dövlətlərinin Ukraynaya daha çox dəstək verəcəyi təqdirdə müharibənin də daha tez başa çatacağı ilə bağlı ehtimalı bölüşmürəm. Ukrayna ilə Rusiya arasındakı qüvvələr nisbəti Meksika ilə ABŞ arasındakı qüvvələr nisbətinə bərabətdir. Meksikaya nə qədər kömək etsələr də, ABŞ yenə ondan güclü olacaq.
Hesab edirəm ki, hər iki tərəf bir-birini gücdən salandan sonra atəşkəsə nail olarlarsa, o zaman uzun müddət sonra – 10, 15, yaxud 30 il gözləməli olacaqlar ki, qüvvələr nisbəti elə dəyişsin ki, münaqişə öz həllini tapsın”.