Belə yerdə atalar yaxşı deyib: "Gülmə qonşuna(Avropaya, Ukraynaya...), gələr başına...
 




Rusiyanın yanacaq bazarında yaranmış böhran Moskvanı daha bir gözlənilməz addıma vadar edib. Ölkə tarixində ilk dəfə Türkiyədən dəniz yolu ilə benzin partiyası almağa başlayıb. Mersin limanından yola çıxan tanker Rusiyaya 200 min barel benzin aparır.
 
Moderator.az bu haqda “S&P Global” portalı, digər Qərb və Rusiya mənbələrinə istinadla yazır. 
 
“S&P Global Commodities at Sea” analitiklərinin məlumatlarına görə, Mersin limanında yüklənən “Wendrix” adlı MR tipli tanker Rusiyaya istiqamət götürüb və avqustun sonunadək ölkəyə çatması gözlənilir. Bu, Türkiyədən Rusiyaya qeydə alınmış ilk dəniz yolu ilə benzin tədarükü olacaq. Eyni zamanda, iyulun sonundan etibarən Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi beşinci benzin idxalıdır.
 
Tankerin daşıdığı 200 min barel yanacağın harada istehsal edildiyi isə məlum deyil. “S&P Global”ın məlumatına görə, “Wendrix” Mersindən yükləndikdən sonra Baltik dənizinə doğru hərəkət edib. Avqustun 21-də gəmi Latviyanın sahilləri yaxınlığında izlənilib və Rusiyanın Baltik limanlarından birinə – Sankt-Peterburq, Vısoçsk, Primorsk və ya Kalininqrad istiqamətində hərəkət etdiyi bildirilir.
 
Rusiya mediasında isə daha konkret ehtimal irəli sürülür. “The Insider”in “Starboard Maritime Intelligence” məlumatlarına istinadla yazdığına görə, tanker avqustun 23-də Finlandiya körfəzində olub və ehtimal ki, Leninqrad vilayətindəki Primorsk limanına istiqamətlənib. Bununla belə, son təyinat limanı rəsmi şəkildə açıqlanmayıb.
 
Məsələni diqqətçəkən edən yalnız Türkiyədən ilk dəfə benzin alınması deyil. Rusiya son illər dünyanın ən iri neft məhsulları ixracatçılarından biri olduğu halda, indi öz daxili bazarını təmin etmək üçün xaricdən benzin almağa məcbur qalır. “S&P Global”ın hesablamalarına əsasən, iyul ayında Rusiyanın xam neft emalı gündəlik orta hesabla 3,7 milyon barelə düşüb ki, bu da 2025-ci ilin orta göstəricisindən 28 faiz azdır.
 
Bu prosesin fonunda Ukraynanın Rusiyanın neft emalı infrastrukturuna PUA hücumları mühüm amil kimi göstərilir. “S&P Global” bildirir ki, avqust ayında Rusiya neftayırma zavodlarına artıq 17 hücum qeydə alınıb. Bu rəqəm bütöv iyul ayında qeydə alınmış hücumların sayına bərabərdir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə avqustun 19-da ölkənin yanacaq bazarında “gərginliyin ikinci mərhələsinin” başladığını bildirib.
 
"Reuters" də Rusiyanın yanacaq qıtlığının yeni dalğası ilə üzləşdiyini yazır. Agentliyin məlumatına görə, avqustun ortalarında ən azı 10 regionda yanacaqdoldurma məntəqələrində benzin satışına müxtəlif məhdudiyyətlər tətbiq olunub. Moskva vilayətində də yanacaq növbələri və satış limitləri yaranıb. Rusiyanın iri neft şirkətləri – “Rosneft”, “Gazprom Neft”, “Lukoil” və “Tatneft” – müxtəlif həcmdə benzin satışına məhdudiyyətlər tətbiq ediblər.
 
Böhranın miqyası Rusiyanın idxal coğrafiyasının sürətlə genişlənməsində də özünü göstərir. Bundan əvvəl ölkə Hindistandan təxminən 68 min ton benzin qəbul edib. "Reuters"-in məlumatına görə, bu yanacaq Hindistanın Vadinar limanından yüklənərək Rusiyanın Arktikadakı Vitino limanına çatdırılıb və daha sonra dəmir yolu ilə daxili bazara yönəldilib. Daha iki Hindistan partiyasının da Rusiyaya çatması gözlənilir.
 
İyulun sonunda isə Rusiya Mərakeşdən təxminən 30 min ton "AI-92" markalı benzin idxal edib. "Reuters" bu tədarükün Rusiyanın neftayırma zavodlarına PUA hücumları nəticəsində yaranmış daxili yanacaq çatışmazlığının aradan qaldırılması cəhdinin bir hissəsi olduğunu bildirir.
 
Beləliklə, Türkiyədən göndərilən 200 min barellik partiya Rusiyanın son həftələrdə xarici yanacağa artan ehtiyacının növbəti göstəricisidir. “S&P Global”ın məlumatına görə, iyulun sonundan etibarən Rusiyaya dəniz yolu ilə gətirilən benzinin ümumi həcmi artıq 1 milyon bareli keçib. Türkiyədən gələn “Wendrix” isə bu tədarüklərin beşincisidir.
 
Moskvanın daxili bazarı qorumaq üçün atdığı addımlar da vəziyyətin qeyri-adi xarakterini göstərir. Rusiya hökuməti benzinin ixracına qadağanı 2027-ci ilin yanvarınadək uzadıb, dizel ixracına məhdudiyyətlər tətbiq edib və yanacaq çatışmazlığını aradan qaldırmaq üçün idxal mexanizmlərindən istifadə etməyə başlayıb. Avqustun 20-də Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında Rusiyada ilk dəfə idxal edilmiş benzinin satışı həyata keçirilib – 360 ton "AI-92 "markalı yanacaq tonuna 105 min rubl qiymətinə realizə olunub.
 
Daha bir mühüm məqam isə Rusiyanın yalnız benzin idxal etməklə kifayətlənməməsidir. "Reuters"-in məlumatına görə, avqust ayında Rusiyaya Asiyadan təxminən 270 min ton neft məhsulunun gətirilməsi gözlənilir. Bu tədarüklərin bir hissəsi gəmidən-gəmiyə köçürmə yolu ilə həyata keçirilir ki, bu da yanacağın mənşəyi və marşrutunun müəyyənləşdirilməsini çətinləşdirir. Hindistanın payı bu həcmin təxminən üçdə birini təşkil edir.
 
“S&P Global”ın başqa bir araşdırması isə problemin Rusiyanın ixrac potensialına da ciddi zərbə vurduğunu göstərir. İyul ayında Rusiyanın dəniz yolu ilə neft məhsulları ixracı gündəlik 1,18 milyon barelə qədər düşüb. Bu, məlumatların 2016-cı ildən etibarən aparılmağa başladığı dövrdən bəri ən aşağı göstəricidir. İyun ayında bu rəqəm 1,51 milyon barel olub.
 
Bütün bunlar Moskvanın enerji sektorunda paradoksal vəziyyət yaradıb: dünyanın əsas neft və neft məhsulları ixracatçılarından biri olan Rusiya artıq öz avtomobil yanacağı bazarında yaranmış boşluğu doldurmaq üçün Türkiyə, Hindistan, Mərakeş və digər ölkələrə üz tutur. Türkiyədən Mersin limanından yola düşən 200 min barellik benzin partiyası isə bu dəyişimin ən simvolik nümunələrindən biridir.
 
Əgər Rusiya üçün daxili yanacaq çatışmazlığı müvəqqəti problem kimi nəzərdə tutulurdusa, xaricdən ardıcıl şəkildə benzin alınması vəziyyətin daha dərin olduğunu göstərir. Xüsusilə neftayırma zavodlarına hücumlar, uzunmüddətli təmir işləri və mövsümi tələbatın eyni vaxtda artması davam edərsə, Moskvanın xarici yanacaqdan asılılığının daha da yüksəlməsi mümkündür...
 
P.S. Belə yerdə atalar yaxşı deyib: "Gülmə qonşuna(Avropaya, Ukraynaya...), gələr başına...
 
Sultan Laçın