Nüfuzlu İsrail nəşrindən Netanyahuya sərt ittiham: "Ölkəni Türkiyə ilə mənasız qarşıdurmaya sürükləyir..."
24 Aug 2026, 08:26 21 baxış 6 dəq oxuma
"..."Haaretz”in xəbərdarlığı artıq yalnız bir İsrail nəşrinin siyasi mövqeyi kimi qalmır. İsrail, ABŞ və Qərb mediasında yayılan müxtəlif məlumatlar göstərir ki, Suriya ərazisində İsrail və Türkiyənin maraqlarının toqquşması Vaşinqtonu da narahat edən daha geniş regional təhlükəsizlik probleminə çevrilir..."
"Netanyahu hökumətinin Suriya istiqamətindəki addımları İsraili Türkiyə ilə qarşıdurma riskinə yaxınlaşdırır və bu, İsrailin təhlükəsizliyini artırmaq əvəzinə yeni təhlükələr yarada bilər."
Moderator.az xəbər verir ki, bu fikri İsrailin “Haaretz” nəşri ifadə edib.
Nəşrin 23 avqust tarixli redaksiya məqaləsində İsrailin Baş naziri Benyamin Netanyahunun Suriyanın şimalındakı son hərbi əməliyyatı və Türkiyə ilə bağlı siyasəti sərt tənqid olunur.
“Haaretz”in mövqeyinə görə, təhlükəsizliyin təmin edilməsi və təhdidlərin qarşısının alınması yalnız bombalama yolu ilə mümkün deyil; hərbi güc diplomatiyanı və düşünülmüş siyasəti əvəz edə bilməz. Nəşr hesab edir ki, Netanyahu hökumətinin Suriya istiqamətindəki addımları İsraili Türkiyə ilə qarşıdurma riskinə yaxınlaşdırır və bu, İsrailin təhlükəsizliyini artırmaq əvəzinə yeni təhlükələr yarada bilər...
Nüfuzlu İsrail nəşri daha sonra yazır ki, Netanyahu Suriyadakı hərbi zərbəni bölgədə Türkiyə hərbi mövcudluğunun genişlənməsinin qarşısını almaq zərurəti ilə əsaslandırır. İsrail tərəfi iddia edir ki, Suriya Türkiyə qüvvələrinin Əbu əl-Duhur aviabazasında yerləşdirilməsinə imkan verməklə İsraillə mövcud təhlükəsizlik razılaşmalarını pozmaq ərəfəsində olub. Ankara isə İsrailin bu iddialarını rədd edir.
Məsələ ilə bağlı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrakın açıqlamaları da diqqət çəkib.
"Associated Press"-in yazdığına görə, Barrak İsrailin Əbu əl-Duhur aviabazasına zərbədən əvvəl ABŞ-a xəbərdarlıq etmədiyini bildirib və hücumun Türkiyəni “tələyə salmaq” və ya qarşıdurmaya cəlb etmək cəhdi ola biləcəyini deyib. İsrailin müdafiə naziri İsrael Kats isə bu fikirləri rədd edərək ABŞ-ın müvafiq qurumlarına kəşfiyyat məlumatlarının ötürüldüyünü bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, İsrail təyyarələrinin Türkiyə sərhədinə yaxın ərazidəki bazaya doğru uçması Ankara tərəfindən başqa cür qiymətləndirilə və Türkiyə hərbi aviasiyasının reaksiyasına səbəb ola bilərdi. "AP" qeyd edir ki, Barrak bu vəziyyətin İsrail və Türkiyəni birbaşa hərbi qarşıdurmaya yaxınlaşdırdığını bildirib.
“Financial Times” da məsələ ilə bağlı ABŞ nümayəndəsinin açıqlamalarını ayrıca gündəmə gətirib. Nəşrin məlumatına görə, Barrak İsrailin Əbu əl-Duhur bazasına zərbəsinin Türkiyə ilə qarşıdurmanı təhrik etmək məqsədi daşıya biləcəyini istisna etməyib və hücumun İsraildə qarşıdan gələn seçkilərlə bağlı siyasi hesablamalarla əlaqəli ola biləcəyini bildirib. Netanyahu isə zərbəni qabaqlayıcı təhlükəsizlik tədbiri kimi müdafiə edir...
İsrail mediasında isə məsələyə münasibət birmənalı deyil. “Jerusalem Post” Netanyahu hökumətinin Türkiyənin Suriyada artan hərbi təsiri ilə bağlı narahatlığını önə çəkir və Ankara ilə Moskva arasında əvvəlki illərdə yaradılmış hərbi “toqquşmadan yayınma” mexanizminin Türkiyə ilə də mümkün olub-olmadığını müzakirə edir. Nəşrin başqa bir materialında isə ABŞ nümayəndəsi Barrakın İsrailin Suriyadakı zərbəsi ilə bağlı tənqidi mövqeyinin onun vasitəçi kimi etibarlılığına təsir göstərə biləcəyi yazılır.
İsrailin “Ynet” nəşri isə Tel-Əvivin mövqeyini daha geniş təqdim edir. Nəşrin məlumatına görə, İsrail rəsmiləri Türkiyənin Suriyada hərbi mövcudluğunu genişləndirməyə hazırlaşdığını və bunun İsrail üçün “qırmızı xətt” olduğunu bildirirlər. Ankara isə bu iddiaları rədd edir və Netanyahunu regionda sabitliyi pozmaqda ittiham edir.
Bununla yanaşı, "Reuters"-in 23 avqust tarixli məlumatı göstərir ki, İsrail–Türkiyə gərginliyi fonunda Suriya və İsrail arasında ABŞ vasitəçiliyi ilə yüksək səviyyəli danışıqlar da keçirilib. İordaniyada baş tutduğu bildirilən görüşlərdə İsrailin Suriyaya zərbələrinin dayandırılması və təhlükəsizlik danışıqlarının bərpası ilə yanaşı, İsrail–Türkiyə qarşıdurmasının Suriya ərazisinə yayılmasının qarşısının alınması məsələsi də müzakirə olunub.
Beləliklə, “Haaretz”in xəbərdarlığı artıq yalnız bir İsrail nəşrinin siyasi mövqeyi kimi qalmır. İsrail, ABŞ və Qərb mediasında yayılan müxtəlif məlumatlar göstərir ki, Suriya ərazisində İsrail və Türkiyənin maraqlarının toqquşması Vaşinqtonu da narahat edən daha geniş regional təhlükəsizlik probleminə çevrilir. Bu fonda “Haaretz”in “Netanyahu İsraili Türkiyə ilə daha bir mənasız qarşıdurmaya sürükləyir” tezisi İsrail mediasında gedən ciddi siyasi mübahisənin bir hissəsidir...