Azərbaycanla Böyük Britaniya arasında münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Enerji sahəsində uzun illərə söykənən tərəfdaşlıq artıq müdafiə və təhlükəsizlik, mina təmizləmə, yaşıl enerji, nəqliyyat və regional sabitliyin təmin olunması kimi strateji istiqamətləri də əhatə edir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı, eləcə də Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması Bakı-London münasibətlərinin əhəmiyyətini daha da artırır. Bəs bu əməkdaşlığın gələcək perspektivləri nədən ibarətdir və iki ölkə arasında hansı yeni istiqamətlər ön plana çıxa bilər?
Moderator.az-ın bu və digər suallarını politoloq Oktay Qasımov cavablandırıb. Müsahibəni təqdim edirik.
-Azərbaycan-Böyük Britaniya münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində hazırki vəziyyətini necə qiymətləndirirsiniz?
“İlk olaraq bunu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasındakı münasibətlərin tarixi kifayət qədər uzundur. Xüsusilə də Azərbaycan Respublikası keçən əsrin 90-cı illərinin əvvəllərindən müstəqillik əldə etdikdən sonra iki dövlət arasında diplomatik əməkdaşlıqlar yarandı və zaman keçdikdə də güclənməyə başlayıb. Hazırda Azərbaycan Respublikasının Böyük Britaniya ilə birgə həyata keçirdiyi bir neçə layihə mövcuddur. Nəzərə alsaq ki, Böyük Britaniyanın aparıcı neft şirkəti “British oil” Şirkəti Azərbaycan Respublikasında əməkdaşlıq etdiyimiz beynəlxalq şirkətlərdən biridir və Böyük Britaniya Azərbaycan Respublikası iqtisadiyyatına ən böyük investisiya qoyan ölkədir. Bu münasibətlər isə yalnız ticarət, iqtisadiyyat, enerji, elm, humanitar və s. sahədə həyata keçirilir. Yekun olaraq da onu qeyd etmək lazımdır ki, Azərbaycan-Böyük Britaniya münasibətləri müsbət qiymətləndirilir.”
-Böyük Britaniya Azərbaycanın mina təmizləmə fəaliyyətinə dəstəyi və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına verdiyi töhfə gələcəkdə hansı istiqamətlərdə davam etdiriləcək?
“Bayaq qeyd etdiyim kimi Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında keçən əsrin 90-ci illərindən köklü diplomatik münasibətlər başlayıb. Belə ki, bu münasibətlər ticarət, iqtisadiyyat, enerji və s.kimi sahələrdə olduğu kimi həm də mina təmizləmə və humanitar sahələrdə də münasibətlər həyata keçirilir. Bu münasibətlər də gün keçdikcə genişlənir. Bunu da qeyd etmək lazımdır ki, Böyük Britaniya bir vaxtlar Azərbaycan Respublikasında azərbaycanlı məcburi köçkünlərə və qaçqınlara yardım edən ölkələrin biridir. Hazırda da bizim münasibətlərimizin dərinləşməsi sahəsində də addımlar atılmaqdadır. Nəzərə alsaq ki, Böyük Britaniyanın dövlət Nazirinin Azərbaycan Respublikasına səfəri bu sahədə münasibətlərin iki tərəfli inkişaf etdirilməsi sahəsində böyük addım hesab edilir. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hazrda Böyük Britaniyanın “BP” Şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edir. “BP”Şirkəti Azərbaycan Respublikası Cəbrayıl rayonunda 200 MW(meqavet) gücündə Günəş Enerji Stansiyasının tikintisini həyata keçirəcək. Bu münasibətin güclənməsi bu sahələrdə əməli addımların atılmasına və böyük uğurların əldə edilmısi istiqamətindədir.”
-Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyi, eyni zamanda Avropanın enerji təhlükəsizliyində oynadığı rol Bakı-London münasibətlərinin strateji əhəmiyyətini necə artırır?
“Azərbaycan Respublikasının beynəlxalq sahədə fəaliyyət istiqamətləri də məhz Böyük Britaniya ilə demək olar ki, mövqeləri eyniləşir. Xüsusilə də Azərbayxcan Respublikasının Rusiya -Ukrayna müharibəsi səbəbi ilə Ukraynaya etdiyi humanitar dəstək göstərməsi Azərbaycan-Böyük Britaniya münasibətlərinin kəskinləşməsinə yardım göstərir. Çünki istər Böyük Britaniya, istərsə də Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü ardıcıl dəstəkləyən dövlətlərdən hesab edilir. Bu amil də iki dövlət arasındakı mövqeləri yaxınlaşdırır.Bunu da qeyd etməliyik ki, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu kifayət qədər strateji əhəmiyyət daşıyır. Azərbaycan xüsusilə Cənub Qaz Dəhlizi və TANAP-TAP layihələri vasitəsilə Avropaya etibarlı enerji tədarükçüsü kimi çıxış edir və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Bu baxımdan Azərbaycanın enerji sahəsindəki rolu Bakı-London münasibətlərinə də strateji əhəmiyyət qazandırır. Böyük Britaniyanın Azərbaycanın enerji sektorunda uzun illərdir mühüm tərəfdaş olması, eyni zamanda bərpa olunan enerji və Xəzərin külək enerjisi potensialının inkişafı istiqamətində əməkdaşlıq imkanları iki ölkə arasındakı münasibətlərin gələcəkdə daha da dərinləşməsinə şərait yaradır.”
-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər fonunda Azərbaycanın Cənubi Qafqazda və daha geniş regionda sabitliyin təmin olunmasında rolunu necə qiymətləndirirsiniz?
“Qeyd etdiyimiz kimi Azərbaycan ilə Böyük Britaniyanın fəaliyyət istiqamətlərinin oxşarlıqlarından biri də məhz Ukraynanın ərazi bütövlüyünə dəstək göstərməkdir. Bundan əlavə olaraq da Yaxın və Orta Şərqdə baş verən gərginliklər fonunda Azərbaycanın rolu aydın görünməkdədir. Belə ki, bu məsələlərdə Azərbaycan Respublikası gərginliklərin həll edilməsi mövqeyində dayanır. Böyük Britaniya da bu sahədə Azərbaycan ilə eyni mövqeni tutur. Belə ki, bu proses həm də Böyük Britaniyanın Güney Qafqaz ölkələri ilə münasibəti dərinləşdirmısi deməkdir. Bunu əsas səbəbi Güney Qafqaz ölkələri Avropanı Asiya ilə bağlayan əsas coğrafi ərazidir. Məhz bu qəbildən də Azərbaycan Respublikasının Böyük Britaniya ilə müxtəlif sahələrdə münasibətləri sonrakı zamanlarda da strateji xətt üzrə inkişaf etməsi gözləniləndir.”
Ayxan Cəfərov