“Köhnə palan içi töküb baş qatmaqla eşşəklərimizi palçıqdan çıxara biləcəyikmi?..”
25 Aug 2026, 07:47 22 baxış 4 dəq oxuma
“Ölkənin bütün başbilənlərinə, ziyalı, alim, professor, deputat, yazıçı, araşdırmaçı, jurnalist, bloqçu və s. sayılanlarına dönə-dönə müraciət və xahiş edirik: bu mənasız və yersiz mübahisələrə, başqatmalara son qoyun və icazə verin yetərincə ciddi problemlərimizin həlli ilə məşğul olaq...”
- 3 CÜMLƏ İLƏ BİR “QUŞ”...-
Son aylar, xüsusən də son günlər məmləkəti yaman hay-küy, vurhavur bürüyüb: siyasətçilər, alimlər, tarixçilər, mandatlarını illərdir, on illərdir əllərində bərk-bərk tutanlar, yazıçılar, jurnalistlər, bloqçular, nə bilim, qalxozçular, sağıçılar — bir sözlə, başı çıxan da, çıxmayan da “filan padşah yaxşı idi, pis idi”, “filan qəhrəman saxta idi, yoxsa əsil idi”, “filan qəhrəmanın arvadı belə idi”, “filan şəhər filan millətə məxsusdur” və s. kimi bəzən apaydın, bəzən qəliz, çox vaxt isə gülünc və biabırçı mövzularda “tarixi-elmi” müzakirə və mübahisələr aparırlar...
Bu yerdə yadıma xalqımızın iki tutarlı ifadəsi düşür: “köhnə palan içi tökmək” və “de vur — eşşək palçıqdan çıxsın...”
Əcəba, artıq üç ilə yaxındır ki, dövlətimizin uğurlu siyasət və diplomatiyası, şəhid və qazilərimizin canı-qanı, həmçinin qardaş Türkiyənin ciddi siyasi, diplomatik, mənəvi və texniki dəstəyi sayəsində Azərbaycan Respublikası çərçivəsində öz tarixi torpaqlarının bir xeyli hissəsi üzərində suverenliyini bərpa etmiş bu qalib(!) xalqın, dövlətin, ölkənin, milyonlarla vətəndaşın hələ də saysız-hesabsız problemləri olduğu, hələ çox, üzr istəyirik, eşşəklərimizin palçıqdan çıxa bilmədiyi bir durumda köhnə palanların içini tökməklə o uzunqulaqlarımızı palçıqdan çıxarıb problemlərimizi həll edə biləcəyikmi?..
P.S. Ölkənin bütün başbilənlərinə, ziyalı, alim, professor, deputat, yazıçı, araşdırmaçı, jurnalist, bloqçu və s. sayılanlarına dönə-dönə müraciət və xahiş edirik: bu mənasız və yersiz mübahisələrə, başqatmalara son qoyun və icazə verin yetərincə ciddi problemlərimizin həlli ilə məşğul olaq. Bir sözlə, imkan verin kasıbçılığımızı edək — görək başımıza nə gəlir...
Köhnə palan içi tökməyə gəldikdə isə, içi tökülməli olan ən yekə palan hələ də caynaqlarından tam qurtula bilmədiyimiz Rusiya-sovet imperiyasının ölkəmizdəki agentura-kəşfiyyat şəbəkəsi, keçmiş “KQB” strukturları və arxivləridir. Azərbaycanı belə çox sevirsinizsə, gəlin birləşək, Milli(!) Məclisə müraciət edək, heç olmasa Bakıdakı müvafiq arxivlərin açılmasına nail olaq, Rusiyadan da ölkəmizə məxsus sənədlərin qaytarılmasını tələb edək. Hə... Məşədi İbad demiş, bu olar başqa məsələ... Onda görərik köhnə palanların içindən nələr çıxır və hansı, üzr istəyirik, eşşəklərin, hansı çaqqalların, hansı tülkülərin palçıqda niyə bu qədər rahat oturduğu, hansı müasir qəhrəmanların, şəhidlərin saxta, hansıların gerçək olduğu aydınlaşar... Üstəlik, bu i məxluqları nəinki batdıqları palçıqdan çıxarar, ümumiyyətlə, məmləkətin siyasi, iqtisadi, elmi, tibbi, texniki və s. meydanından birdəfəlik bayıra atarıq...