Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanı gələcəkdə İsrailə qarşı mümkün hərbi ittifaqa cəlb etməyə hazırlaşdığı iddia olunur.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Yaxın Şərq üzrə ekspert Yoni Ben-Menahem avqustun 25-də "Təl Meir"ə verdiyi müsahibədə bildirib ki, Ərdoğanın əsas məqsədi Suriyanı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan müdafiə əməkdaşlığına cəlb etməkdir.
“Ərdoğanın baş planı nəticə etibarilə Suriyanı Səudiyyə Ərəbistanı və Pakistanla yaratdığı hərbi ittifaqa gətirməkdir”, – deyə ekspert iddia edib.
Ben-Menahem ABŞ Prezidenti Donald Trampın Suriyanın yeni lideri Əhməd əl-Şaraanı legitimləşdirməsini də ciddi səhv hesab etdiyini bildirib. Onun sözlərinə görə, əl-Şaraanın xarici görünüşü və ritorikasının dəyişməsi onun əvvəlki mövqelərindən tamamilə imtina etdiyi anlamına gəlmir.
“Biz onun xoş sözlərinə və cihadçı geyimini kostyumla əvəz etməsinə aldanmamalıyıq. İsrail kəşfiyyatı onun əsl niyyətlərini bilir”, – ekspert deyib.
Ben-Menahem hesab edir ki, Suriyanın qarşıdakı dövrdə əsas məqsədlərindən biri ölkəni yenidən qurmaq və Türkiyənin dəstəyi ilə güclü ordu formalaşdırmaq olacaq. Onun fikrincə, bundan sonra Dəməşqin İsrailə qarşı regional hərbi əməkdaşlığa qoşulması ehtimalı yarana bilər.
Ekspertin bu açıqlamaları Suriya ilə İsrail arasında ABŞ vasitəçiliyi ilə aparılan danışıqlar fonunda səslənib. Avqustun 23-də İordaniyada Suriya və İsrail nümayəndə heyətləri arasında yüksək səviyyəli görüş keçirilib. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd Həsən əş-Şeybani rəhbərlik edib, görüşdə ölkənin Baş Kəşfiyyat və Hərbi Kəşfiyyat idarələrinin rəhbərləri də iştirak ediblər. Tərəflər gərginliyin azaldılması və təhlükəsizlik məsələləri üzrə danışıqların bərpasını müzakirə ediblər.
Bu arada, ABŞ avqustun 24-də Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından rəsmi olaraq çıxarıb. Suriya 1979-cu ildən bu siyahıda idi. Vaşinqtonun qərarı Dəməşqin beynəlxalq iqtisadi və maliyyə sisteminə reinteqrasiyası və ölkənin müharibədən sonrakı bərpası üçün mühüm addım kimi qiymətləndirilir.
Beləliklə, Suriyada həm diplomatik, həm də hərbi-siyasi baxımdan yeni mərhələ başlayır. Dəməşqin gələcəkdə Türkiyə ilə hərbi əməkdaşlığının hansı səviyyəyə çatacağı və bunun İsraillə münasibətlərə necə təsir göstərəcəyi isə regionda əsas suallardan biri olaraq qalır...
S.Laçın