Elektrik enerjisi xərcləri artdıqca bir çox insan yüksək ödənişlərin səbəbini soyuducu, televizor və ya paltaryuyan maşında axtarır. Lakin mütəxəssislər bildirirlər ki, ən çox enerji sərf edən cihazlar adətən diqqətdən kənarda qalır.
Mütəxəssislərin fikrincə, evlərdə elektrik enerjisinin ən böyük hissəsini sərf edən cihazlardan biri elektrikli su qızdırıcısıdır (boyler). Standart boyler adətən 1500-2000 vatt güc sərf edir. Suyu fasiləsiz qızdırmasa da, isti sudan intensiv istifadə olunan evlərdə gün ərzində bir neçə saat işləyə bilir. Nəticədə onun enerji sərfiyyatı bəzi hallarda soyuducu, televizor və paltaryuyan maşının ümumi sərfiyyatını belə üstələyə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Ziare.com" nəşri yazıb.
Yay aylarında isə əsas enerji istehlakçılarından biri kondisioner hesab olunur. Xüsusilə temperatur çox aşağı səviyyəyə tənzimləndikdə, ev günəş şüalarını birbaşa qəbul etdikdə və ya istilik izolyasiyası zəif olduqda elektrik sərfiyyatı xeyli artır.
Qış mövsümündə isə vəziyyət dəyişir. Elektrik radiatorları və digər qızdırıcılar ev təsərrüfatında ən çox enerji işlədən cihazlara çevrilir. Mütəxəssislər bildirirlər ki, havanı və ya suyu qızdıran-soyudan bütün cihazlar yüksək enerji tələb edir.
Bu səbəbdən elektrik enerjisinə qənaət etmək istəyənlərə boyler, kondisioner və qızdırıcılardan səmərəli istifadə etmək tövsiyə olunur. Bu cihazların düzgün tənzimlənməsi və ehtiyac olmadığı zaman söndürülməsi aylıq kommunal xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.