Rusiyanın Altay dağlarına romantik səyahət edən gənc cütlüyün xoşbəxtliyi faciə ilə nəticələnib. 29 yaşlı qadın sevgilisindən çoxdan gözlədiyi evlilik təklifini aldıqdan cəmi bir gün sonra düşərgəyə girən nəhəng ayının hücumuna məruz qalaraq həyatını itirib.


Moderator.az “Metro” nəşrinə istinadla xəbər verir ki, hadisə gecə saatlarında turist düşərgəsində baş verib.






Nəhəng ayı qəfil çadır düşərgəsinə daxil olub və 29 yaşlı Snejana Korolyovanın olduğu çadırı cıraraq qadını çölə sürüyüb. Gənc qadının nişanlısı onu xilas etməyə çalışıb, kömək çağırıb və silah axtarıb. Lakin ayının hücumunun qarşısını almaq mümkün olmayıb.


Hadisə yerinə gələn xilasedicilər qadının aldığı ağır xəsarətlər nəticəsində öldüyünü müəyyən ediblər.


Hazırda mütəxəssislər insanlara qarşı yeni hücumların qarşısını almaq üçün təhlükəli ayının axtarışını davam etdirirlər.


Mütəxəssislər vəhşi təbiətdə düşərgə salan insanları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırlar. Xüsusilə çadırların yaxınlığında qida və digər qoxulu məhsulların saxlanılması ayı və digər yırtıcıları düşərgəyə cəlb edə bilər.