Azad Vətən Partiyasının sədri: “Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi imkanını saxlamağa çalışır..."




 
Kifayət qədər nonsens və qəribə vəziyyətdir: bir tərəfdən Kreml Ermənistana ticarət və nəqliyyat məsələlərində müəyyən məhdudiyyətlər tətbiq edir, digər tərəfdən isə Rusiya Ermənistana müxtəlif yardımlar göndərir və Ermənistan da bunları məmnuniyyətlə qəbul edir...”
 
Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında “Kremlin Paşinyan hakimiyyətinə və əksinə, Paşinyanın Moskvaya qarşı son gedişlərini necə təhlil edərdiniz? Perspektiv necə görünür?” sualını cavablandırarkən bildirib ki, Kreml nəyin bahasına olursa-olsun, Ermənistanı öz yanında saxlamağa çalışır və bu istiqamətdə müxtəlif reveranslar edir.
 
O diqqətə çatdırıb ki, Moskvada rəsmi və qeyri-rəsmi səviyyədə Ermənistana, Paşinyan hakimiyyətinə qarşı təbliğat aparılır. Bunun üçün Rusiyanın özündə müxtəlif şəxslərdən və müəyyən qruplardan, həmçinin erməni diasporundan istifadə edilir. Eyni zamanda, informasiya manipulyasiyasına və digər vasitələrə əl atılır.
 
Akif Nağı vurğulayıb ki, erməni diasporu da Kremlin təbliğat vasitəsinə çevrilməyə və Paşinyana qarşı Rusiyanın mövqeyini müdafiə etməyə məcburdur. Çünki onlar Rusiya hakimiyyətindən həddən artıq ehtiyat edirlər. Partiya sədri bildirib ki, erməni diasporunun Rusiyada ciddi iqtisadi mövqeləri və müxtəlif sahələrdə maraqları olsa da, Moskva ilə münasibətlərin kəskinləşməsi halında bu mövqelər ciddi şəkildə zəifləyə bilər. Onun sözlərinə görə, Putinin mövqeyi dəyişərsə, Rusiyada xüsusi mövqelərə malik ermənilər ciddi şəkildə cəzalandırıla bilər. Hətta Moskvanın son addımı kimi ermənilərin bu ölkədən deportasiyasına başlanması da mümkündür...
 
AzVP sədri qeyd edib ki, ermənilər Kremlin onlara qarşı da azərbaycanlılara qarşı aparılan təbliğat kampaniyasına bənzər kampaniya təşkil edə biləcəyindən ciddi narahatdırlar. Onun fikrincə, Kreml də, görünür, bu durumdan yararlanaraq prosesdə erməni diaspor təşkilatlarından ciddi şəkildə istifadə edir.
 
Həmsöhbətimiz bildirib ki, Paşinyan hakimiyyəti də Rusiyaya qarşı müəyyən addımlar atır, Kremlin təzyiqlərinə müqavimət göstərməyə və davam gətirməyə çalışır. Lakin onun da öz yolunu müəyyənləşdirdiyini deyən AzVP sədri diqqətə çatdırıb ki, Paşinyan və bir sıra komanda üzvləri açıq şəkildə Rusiya ilə artıq ciddi əlaqələrin mümkün olmadığını bildiriblər. Hətta Ermənistanı KTMT-dən çıxarsalar, çox şad olacaqları barədə fikir səsləndirilib.
 
“Bu, bir erməni hiyləgərliyidir. Çünki bunun müəyyən prosedurları, maliyyə ödənişləri və s. var. Odur ki, çalışırlar ki, Ermənistanı üzvlükdən KTMT özü çıxarsın və məsuliyyət də həmin qurumun üzərində qalsın”, – deyə o vurğulayıb.
 
Akif Nağı qeyd edib ki, Ermənistan Rusiyadan uzaqlaşmağa çalışsa da, müəyyən mənada Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Çünki bu qurum Ermənistan üçün müəyyən iqtisadi dividendlər və imkanlar yaradır. Siyasətçi bildirib ki, Ermənistanın mövqeyi Rusiya ilə əlaqələrin hansısa formada saxlanılması, tam şəkildə körpülərin yandırılmamasından ibarətdir. İqtisadi maraqlarına uyğun olaraq, münasibətlər sərt olsa da, müxtəlif məsələlərdə İrəvan və Moskva bir-birlərinə müəyyən reveranslar edirlər.
 
Partiya lideri diqqətə çatdırıb ki, Azərbaycan ərazisi vasitəsilə Rusiya Ermənistana müxtəlif yüklər, taxıl, yanacaq və humanitar yardımlar göndərir. Onun sözlərinə görə, bu, kifayət qədər nonsens və qəribə vəziyyətdir: bir tərəfdən Kreml Ermənistana ticarət və nəqliyyat məsələlərində müəyyən məhdudiyyətlər tətbiq edir, digər tərəfdən isə Rusiya Ermənistana müxtəlif yardımlar göndərir və Ermənistan da bunları məmnuniyyətlə qəbul edir...
 
O, həmçinin Rusiya ilə Ermənistan, eləcə də Paşinyan komandası arasında hərbi baza məsələsinin olduğunu vurğulayıb. Bildirib ki, söhbət Gümrüdəki 102-ci Rusiya bazasından gedir. Bu istiqamətdə ciddi hərəkətlilik müşahidə olunur. Akif Nağının sözlərinə görə, Paşinyanın və ondan əvvəlki rəhbərlərin dövründə də Ermənistan bu baza üzərində nəzarəti saxlamağa çalışıb, bu səbəbdən orada çalışanların böyük hissəsi etnik ermənilərdir. Həmin ərazidə yerli Gümrü əhalisinin də böyük hissəsi bu və ya digər formada, o cümlədən bazanın daxilində və ətrafındakı infrastruktur səviyyəsində işlərə cəlb olunub...
 
Həmsöhbətimiz qeyd edib ki, hazırda ruslar həmin ərazidə nəzarəti tam şəkildə öz əllərində cəmləşdirməyə çalışırlar. Onun sözlərinə görə, Rusiya erməni kontingentini oradan uzaqlaşdırmağa və tədricən həmin ərazini ayrıca, toxunulmaz bir bazaya çevirməyə çalışır. Hətta Gümrü ərazisinin özünü də toxunulmaz məkana çevirmək istəyir.
 
“Baxın, bu istiqamətdə proseslər gedir. Gələcəyi, yəni hansı tərəfin üstün gələcəyini proqnozlaşdırmaq çox çətindir. Ermənistanın Rusiyadan tam şəkildə ayrılması, demək olar ki, qeyri-mümkündür. Eyni zamanda, Rusiya da çalışır ki, Ermənistan üzərində nəzarəti tamamilə itirməsin”, – deyə AzVP sədri diqqətə çatdırıb.
 
O hesab edir ki, yaxın perspektivdəki keçid dövrü üçün Ermənistan həm Qərblə, həm də Rusiya ilə münasibətləri müəyyən formada saxlamağa nail olacaq. Akif Nağının fikrincə, Rusiya da, ən azı müəyyən perspektivdə, bu varianta razı ola bilər. Yəni tam şəkildə uzaqlaşmaqdansa, Ermənistanla müəyyən əlaqələrin saxlanılmasına, Ermənistanda təsir və təzyiq imkanlarının qorunub saxlanılmasına üstünlük verə bilər.
 
AzVP sədri vurğulayıb ki, bununla Rusiya gələcəkdə Ermənistanda hakimiyyətin dəyişdirilməsi imkanlarını da öz əlində saxlamaq istəyəcək. 
 
Sultan Laçın