"Onların ehtimal faizlərinin cəmi 100 faizə çatır və ən böyük pay – 32 faiz – müharibənin “Tramp razılaşması” əsasında dondurulması variantına verilir..."
 




Məşhur “Black Mirror” haker qrupu Rusiyanın Ukraynaya qarşı müharibəsinin mümkün yekunları ilə bağlı Rusiya "Sberbank"ın(Əsası Çar dövründə- 1841-də qoyulan keçmiş SSRİ Əmanət Bankı bazasında yaradılıb...- S.L.) rəhbəri German Qrefə aid olduğu iddia edilən analitik sənədin görüntülərini yayıb. 2026-cı ilin aprelində hazırlandığı bildirilən sənəddə müharibənin başa çatması və ya dondurulması ilə bağlı 8 mümkün ssenari nəzərdən keçirilir. Onların arasında ən yüksək ehtimallı variant kimi ABŞ prezidenti Donald Trampın iştirakı ilə əldə ediləcək razılaşma göstərilir.
 
Sənəddə Rusiyanın müharibədə tam hərbi üstünlük əldə etməsi ehtimalı cəmi 7 faiz qiymətləndirilir. Ən real variant isə 32 faizlə “Tramp razılaşması” hesab olunur. Bunun ardınca 22 faiz ehtimalla Koreya modelinə bənzər qeyri-rəsmi atəşkəs, 15 faizlə uzunmüddətli müharibə, 12 faizlə Qərbin Ukraynaya dəstəyinin zəifləməsi nəticəsində Rusiyanın şərtlərinə yaxın razılaşma gəlir.
 
Moderator.az Rusiyanın  "Meduza" nəşrinə istinadla xəbər verir ki, sözügedən sənədin həqiqiliyi hələ təsdiqlənməyib.
 
“Black Mirror” sənədin "Sberbank"ın rəhbəri German Qrefin yazışmalarından əldə edildiyini iddia edir. Lakin bank mümkün məlumat sızması ilə bağlı açıqlama verməyib. Bundan başqa, maliyyə bazarındakı mənbə "Meduza"ya sənədin orijinalını görmədiyini və onun süni intellekt çat-botu tərəfindən hazırlanmış ola biləcəyini bildirib. Sənədin ingiliscə versiyasının "Pangram" xidməti tərəfindən yoxlanılması da mətnin təxminən 83 faizinin süni intellekt mənşəli ola biləcəyini göstərib.
 
1. Rusiyanın həlledici hərbi üstünlüyü – 7 faiz...
 
Sənədə görə, bu variant Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinə tam nəzarət əldə etməsini nəzərdə tutur. Kiyevin tutulması ssenariyə daxil edilməyib. Bunun əvəzinə Moskvanın Ukraynanı “mütləq hərbi üstünlük” mövqeyindən danışıqlara məcbur etməsi ehtimal edilir.
 
Lakin belə nəticəyə nail olmaq üçün Rusiyanın 300-500 min nəfərlik yeni səfərbərlik həyata keçirməli olacağı bildirilir. Sənəddə həmçinin Rusiya ordusunun aviasiya imkanlarını artırması və süni intellektlə idarə olunan avtonom dron qruplarından istifadəni genişləndirməsi zərurəti qeyd olunur.
 
2. “Qərbin tükənməsi” – 12 faiz...
 
İkinci ssenari Ukraynanın Qərbdən siyasi və maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə zəifləməsini nəzərdə tutur. Bunun üçün ABŞ-da Ukraynaya dəstəyin 30 faizdən aşağı düşməsi, Avropada enerji böhranının yaranması və Ukraynanın daxilində siyasi böhranın eyni vaxtda meydana çıxması tələb olunur.
 
Bu halda Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılması və Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi müqabilində münaqişənin formal sülh müqaviləsi olmadan dondurulması ehtimal edilir. Sənəddə belə vəziyyətə nümunə kimi bölünmüş Kipr göstərilir.
 
3. “Tramp razılaşması” – 32 faiz...
 
"Sberbank"a aid olduğu iddia edilən sənəddə ən yüksək ehtimal məhz bu ssenariyə verilir. Burada müharibənin formal sülh müqaviləsi olmadan dondurulması, Ukraynanın NATO-ya daxil olmaması və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin aradan qaldırılması nəzərdə tutulur.
 
Sənədə əsasən, ABŞ Rusiyanın Ukraynanın 4 vilayətində faktiki nəzarətini qəbul edə bilər, lakin hüquqi baxımdan Ukraynanın 1991-ci il sərhədlərini tanımaqda davam edər. Avropa İttifaqının isə yeni sərhədləri tanımayacağı bildirilir.
 
Analitiklər bu ssenarinin yüksək ehtimalını Trampın 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl xarici siyasətdə böyük razılaşma əldə etmək istəyəcəyi ehtimalı ilə əlaqələndirirlər. Sənəddə Trampın həm Moskva, həm də Kiyev üzərində təzyiq göstərə biləcəyi qeyd olunur.
 
Bununla belə, sənəddə belə razılaşmanın uzunmüddətli dayanıqlılığı şübhə altına alınır. ABŞ-da administrasiyanın dəyişməsi müharibənin yenidən alovlanmasına səbəb ola bilər. Bundan başqa, Avropa ölkələrinin prosesdən kənarda qalması razılaşmanın davamlılığına maneə yarada bilər.
 
4. “Koreya modeli” – 22 faiz...
 
Dördüncü ssenaridə tərəflərdən heç birinin həlledici üstünlük əldə edə bilmədiyi şəraitdə cəbhə xəttinin sabitləşməsi və döyüşlərin intensivliyinin azalması nəzərdə tutulur.
 
Bu halda formal sülh müqaviləsi imzalanmaya bilər, lakin genişmiqyaslı quru döyüşləri səngiyər və dron müharibəsi davam edər. Avropa İttifaqının Ukraynaya dəstəyin əsas hissəsini öz üzərinə götürəcəyi və ölkənin Avropaya inteqrasiyasının sürətlənəcəyi ehtimal edilir.
 
Sənədə görə, belə fasilədən həm Rusiya, həm də Ukrayna hərbi imkanlarını yenidən qurmaq üçün istifadə edə bilər. Nəticədə 3-5 ildən sonra münaqişənin daha texnoloji və fərqli xarakter daşıyan yeni mərhələsi başlaya bilər.
 
5. Daha 2-3 il davam edən müharibə – 15 faiz...
 
Beşinci variant müharibənin nə dondurulması, nə də tərəflərdən birinin həlledici irəliləyiş əldə etməsi ilə nəticələnən uzunmüddətli qarşıdurmadır.
 
Bu ssenaridə Rusiyanın iqtisadi imkanları ciddi təzyiq altında qala, sanksiyalar sərtləşə və ölkədə həyat səviyyəsinin aşağı düşməsi sosial narazılığı artıra bilər. Ukraynada isə humanitar və demoqrafik problemlərin dərinləşəcəyi proqnozlaşdırılır.
 
6. Kompromis şərtlərlə sülh – 5 faiz...
 
Bu variant tərəflərdən birində ciddi siyasi dəyişiklik baş verəcəyi halda tamhüquqlu sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.
 
Sənəddə Rusiyanın bəzi əraziləri Ukraynaya qaytarması, bunun müqabilində Krımın və Donbasın bir hissəsinin statusunun tanınması kimi mürəkkəb kompromislərdən bəhs edilir. Ukraynaya təhlükəsizlik təminatları və Avropa İttifaqına, daha uzaq perspektivdə isə NATO-ya üzvlük imkanı verilə bilər.
 
Lakin bu ssenarinin həm Moskva, həm də Kiyev üçün ciddi siyasi qiymət yaradacağı vurğulanır.
 
7. Ukrayna və Avropanın şərtləri ilə sülh – 2 faiz...
 
"Sberbank"a aid olduğu iddia edilən sənəddə ən az ehtimal verilən variantlardan biri Rusiyanın 2014-cü və ya 1991-ci il sərhədlərinə geri çəkilməsi, Ukraynaya təzminat ödəməsi və Kiyevin NATO-ya daxil olmasıdır.
 
Belə nəticənin Rusiyada iqtisadi kollaps, ağır hərbi məğlubiyyət və ya hakimiyyət dəyişikliyi kimi fövqəladə hadisələrdən sonra mümkün ola biləcəyi qeyd edilir. Analitiklər isə bu amillərin hər üçünü aşağı ehtimallı hesab edirlər.
 
8. “Qara qu quşları” – 5 faiz...
 
Sonuncu ssenari əvvəlcədən proqnozlaşdırılması çətin olan hadisələri əhatə edir. Buraya nüvə eskalasiyası, nüvə obyektində böyük qəza və ya zərbə, NATO ilə Rusiya arasında birbaşa toqquşma, hakimiyyət dəyişikliyi, Yaxın Şərqdə yeni böyük münaqişə və hərbi texnologiyalarda gözlənilməz sıçrayış daxildir.
 
Xüsusilə süni intellektlə idarə olunan dron sistemlərində texnoloji sıçrayışın tərəflərdən birinə ciddi taktiki üstünlük verə biləcəyi vurğulanır. Eyni zamanda, kritik infrastrukturun kiberhücum nəticəsində sıradan çıxarılması müharibənin gedişinə kəskin təsir göstərə biləcək amil kimi təqdim olunur.
 
Əsas nəticə nədir?..
 
Sənəddəki rəqəmlər bir-birindən tam müstəqil proqnozlar kimi deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hansı istiqamətlərdə inkişaf edə biləcəyinə dair ssenarilər kimi təqdim olunur. Onların cəmi 100 faizə çatır və ən böyük pay – 32 faiz – müharibənin “Tramp razılaşması” əsasında dondurulması variantına verilir.
 
Bununla yanaşı, materialın ən mühüm məqamlarından biri onun etibarlılığı ilə bağlı ciddi sualların olmasıdır. Sənədin orijinalının ictimaiyyətə təqdim edilməməsi, "Sberbank" tərəfindən təsdiqlənməməsi və müstəqil yoxlamada mətnin böyük hissəsinin süni intellekt tərəfindən yaradılmış ola biləcəyinin üzə çıxması bu məlumatlara ehtiyatla yanaşmağı zəruri edir. Buna görə də burada göstərilən faizləri "Sberbank"ın təsdiqlənmiş rəsmi proqnozu deyil, "Sberbank"a aid olduğu iddia edilən sənəddə əks olunan ehtimallar kimi qiymətləndirmək daha düzgündür.
 
S.Laçın