"Bu həbslər hansısa yüksəkvəzifəli şəxsin göstərişi əsasında həyata keçirilməyib..."
 




"Hüquq-mühafizə orqanlarına belə göstərişi əslində xalq verib və bu tələb uzun illərdir reallaşmayıb..."
 
Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı, parlamentin Səhiyyə məsələləri üzrə daimi komissiyasının sədri Lusine Badalyan Robert Köçəryan ailəsi ilə bağlı hüquq-mühafizə orqanlarının son əməliyyatlarının hər hansı yüksəkvəzifəli şəxsin göstərişi əsasında həyata keçirildiyi fikrini rədd edib.

Moderator.az bu haqda erməni mediasına istinadla yazır.
 
 Badalyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarına belə göstərişi əslində xalq verib və bu tələb uzun illərdir reallaşmayıb.
 
“Baş nazir "gedin, bu şəxsi tutun" göstərişi verməyib. Baş nazir deyib ki, faktlar var. Bu ağlaşmanı başa düşmürəm”, – Badalyan “Haykakan Jamanak”ın efirində deyib.
 
O, əlavə edib ki, hazırkı proses məhkəmə sisteminin “son sınağıdır”, əks halda bu, xalqa qarşı istehza olar.
 
Hakim partiyanın nümayəndəsi bildirib ki, 2018-ci ildə verilən vədlər qüvvədə qalır: xalqdan talanan xalqın özünə qaytarılmalıdır.
 
Badalyanın fikrincə, “təmiz və şəffaf işləməklə milyarder olmaq mümkün deyil”, belə sərvətə yalnız dolayısı və qanunsuz yollarla çatmaq mümkündür.
 
Deputat Ermənistanın Katolikosu II Qareginlə bağlı müzakirələrə də toxunub. O, parlament müxalifətinin II Qareginə – Ktrıç Nersisyana – adı və soyadı ilə müraciət edilməsindən niyə narazı qaldığını anlamadığını deyib.
 
Badalyan bəzi yüksəkvəzifəli din xadimlərinin övladlarının olmasının fakt olduğunu bildirərək, hakimiyyətin kilsəyə qarşı çıxmadığını, əksinə, onu “müxtəlif agentlərin təsirindən qorumağa” çalışdığını söyləyib.
 
Müxalifəti də sərt tənqid edən deputat bildirib ki, onlar 300 min azərbaycanlı ilə bağlı “həyasız və bağışlanmaz yalan” üzərində parlamentə gəliblər. Onun sözlərinə görə, hazırda “Güclü Ermənistan” üçün dalana dirənmiş vəziyyət yaranıb və müxalifət “dövlətçilik hissindən məhrumdur”.

Badalyanın iddiasına görə, müxalifətin hakimiyyətə gəlmək istəyinin əsas məqsədi qanunsuz əldə edilmiş əmlakı qoruyub saxlamaqdır.
 
Ermənistan-Rusiya münasibətlərinə toxunan deputat iki ölkə arasındakı əlaqələrin pozulmasına görə məsuliyyəti Moskvanın üzərinə qoyub. O, Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini qəbuledilməz adlandırıb: “Bu, həddini aşan yanaşmadır. Heç bir ölkəyə buna icazə verməyəcəyik...”
 
S.Laçın