İtaliyanın Siciliya adasında yerləşən tarixi Naro şəhəri boş qalan evləri və qədim məhəllələri canlandırmaq üçün maraqlı layihəyə start verib. Proqram çərçivəsində bəzi tarixi mülklər cəmi 1 avro ilkin qiymətlə satışa çıxarılır. Təklifin xarici vətəndaşlar üçün də açıq olması isə layihəyə marağı daha da artırıb.
Moderator.az “EuroNews”a istinadla xəbər verir ki, Aqriqento əyalətində yerləşən Naro şəhərinin hakimiyyəti bu təşəbbüslə həm tarixi binaları qorumağı, həm də uzun müddətdir davam edən əhali azalmasının qarşısını almağı hədəfləyir.
Naro zəngin tarixi və memarlıq irsi ilə seçilir. Şəhərdə Barokko üslubunda tikililər, qədim Çiaramontano qəsri, XIII əsrə aid Porta d'Oro şəhər qapısı və müxtəlif tarixi abidələr yerləşir.
1 avroya ev almağın şərtləri var
İlk baxışdan olduqca cəlbedici görünən təklifin mühüm şərtləri mövcuddur. Satışa çıxarılan evlərin əksəriyyəti uzun müddət baxımsız qaldığından ciddi təmirə ehtiyac duyur.
Yəni alıcı yalnız 1 avro ödəməklə ev sahibi olmur. Əmlakı alan şəxs notariat xərclərini, qeydiyyat və kadastr vergilərini, eləcə də təmir və bərpa işlərinin bütün xərcini öz üzərinə götürməlidir.
Əsas tələblərdən biri isə tarixi binanın bərpası ilə bağlı konkret öhdəlik götürməkdir. Alıcı müəyyən edilmiş müddət ərzində təmir işlərini həyata keçirməli və tikinti zamanı mühəndislik, təhlükəsizlik və digər müvafiq standartlara əməl etməlidir.
Xaricilər də iştirak edə bilər
Layihənin diqqətçəkən tərəflərindən biri proqramda yalnız İtaliya vətəndaşlarının deyil, xarici vətəndaşların da iştirak edə bilməsidir.
Şəhər rəhbərliyi hesab edir ki, bu təşəbbüs xaricdən yeni sakinlərin və investorların cəlb olunmasına, boş qalmış tarixi evlərin bərpasına və Naronun turizm potensialının artırılmasına kömək edə bilər.
İtaliyada bu tip layihələr yalnız Siciliya ilə məhdudlaşmır. Oxşar “1 avroluq ev” təşəbbüslərinə Sardiniya, Abruzzo, Kampaniya və Kalabriya kimi bölgələrdə də rast gəlinir.
Beləliklə, İtaliyada 1 avroya ev almaq həqiqətən mümkündür, lakin bu qiymət daha çox simvolik xarakter daşıyır. Əsl xərc isə evin bərpası, vergilər və digər rəsmi ödənişlərdən sonra ortaya çıxır.