Moderator.az-ın redaksiyasına Göygöl rayonunun Mollacəlilli kənd sakini Əliyev Babək Ramiz oğlu tərəfindən rəsmi müraciət daxil olub.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Yaşadığım ərazidə heyvanlar üçün nəzərdə tutulan örüş yerləri kəndin bəzi sakinləri tərəfindən arpa, buğda və xüsusilə çoxillik yonca əkilərək qanunsuz, özbaşına və heç bir hüquqi sənəd olmadan, ticarət məqsədilə zəbt edilmişdir. Dövlətin kəndli üçün ayırdığı xüsusi təyinatlı örüş və otlaq sahələrindən digər heyvanı olanlar istifadə edə bilmir.
Mövcud vəziyyətlə bağlı Göygöl Bələdiyyəsinin sədri Məsimov Oqtay Aslan oğluna yaranmış özbaşınalığa son qoyulması üçün bu ilin, yəni 2026-cı ilin aprel ayında bir neçə dəfə müraciət etdim.
Çoxsaylı tələblərimdən sonra bələdiyyə sədrinin müavini Araz Abbasov və Mollacəlilli kəndi üzrə icra nümayəndəsi Qabil Məmmədovun birgə iştirakı ilə əraziyə baxış keçirildi və örüş sahəsinin qanunsuz zəbt olunması rəsmən rəsmilər tərəfindən təsdiq olundu.
Bu günə qədər tam beş ay müddət keçib, ancaq Göygöl Bələdiyyəsi bu günə qədər heç bir ciddi, real və hüquqi tədbir görməyibdir. Dəfələrlə problemin aqibəti barədə soruşanda, Oqtay Məsimov tamamilə gülünc, heç bir anlayışa və məntiqə sığmayan uydurma bəhanələr gətirir, açıq-aşkar problemin həllini yubadır.
Mövsüm başa çatdığı üçün zəbt olunmuş arpa və buğda sahələri vaxt etibarilə artıq yoxdur. Ancaq örüş sahəsinin böyük hissəsini zəbt edən yonca sahələri, xüsusilə hasarlanmış ərazilər vəziyyəti daha da dözülməz edir.
Acınacaqlısı budur ki, Oqtay Məsimov bütün bu qanunsuzluğu bilə-bilə səssiz qalır və heç bir tədbir görmür, yaxud da görmək istəmir. Oqtay Məsimovun beş aydır ki, faktlar qarşısında susması, hökm sürən özbaşınalığın və qanunsuzluğun qarşısını almaması, cavabdeh olduğu halda məsuliyyətsizliyi, bu günə qədər heç bir ciddi cəza tədbiri görməməsi hansısa gizli sövdələşmənin olmasına əsaslı şübhələr yaradır.
Bundan əlavə, Oqtay Məsimovun vəzifə səlahiyyətlərinin şəxsiləşdirilməsi, xüsusilə vəzifə öhdəliyindən yayınması, səhlənkarlığı və laqeydliyi ucbatından əhalinin böyük hissəsini dövlətdən narazı salıb.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12, 13 və 15-ci maddələrinin, habelə “Torpaq islahatı haqqında” Qanunun rəsmi və mütləq tələblərinə əsasən, ümumi istifadədə olan örüş və otlaq sahələrinin özəlləşdirilməsi, satılması, şəxsi mülkiyyətə verilməsi, habelə onların şumlanaraq əkin sahəsinə çevrilməsi qanunla qəti qadağandır!
Örüş və otlaq sahələrinin şumlanaraq əkilməsi dövlətə və qanuna qarşı açıq təxribat və hüquqi cinayətdir! Bu torpaqlar heç bir şərtlə heç kimin şəxsi mülkiyyəti, qazanc mənbəyi və ya şəxsi təsərrüfatı ola bilməz! Dövlət və bələdiyyə mülkiyyətində olan bu torpaqlar toxunulmazdır və xalqın ümumi istifadəsindədir.
Örüş sahəsini satan, zəbt edən və ya orada qanunsuz əkin işləri aparan şəxslərin əməlləri sadəcə qayda pozuntusu deyil!. Dövlətin və xalqın mülkiyyətini qorumaqla mükəlləf olan bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin örüş sahələrinin talan edilməsinə, şumlanmasına və satılmasına göz yumması, bu cinayətə birbaşa şəriklik və xalqın malına təcavüzdür!
Qanunun qoruduğu torpaqları dövlətin vəzifəli şəxsi qanunla qorumursa, eyni zamanda vəzifəli şəxsin belə bir rəzalətə səssiz qalması və ya gizli sövdələşmələrlə şərait yaratması sadə bir səhlənkarlıq deyil, birbaşa ağır vəzifə cinayətidir!
Bütün bunları nəzərə alaraq, mövzunun ictimailəşdirilməsini xahiş edirəm.
İmza: Əliyev Babək Ramiz oğlu".
Məsələ ilə bağlı adıçəkilən qurumla əlaqə saxlamağa çalışdıq. Lakin müraciətimiz cavabsız qaldı.
Qeyd: Yazıda səsləndirilən iddia və ittihamlar vətəndaşın müraciətinə əsaslanır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.