İranın Yaxın Şərqdə ABŞ-a məxsus müşahidə və kəşfiyyat obyektlərinə endirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarının miqyası ilə bağlı yeni məlumatlar yayılıb.
Hücumların ABŞ-ın regiondakı kəşfiyyat infrastrukturuna milyardlarla dollar həcmində zərər vurduğu bildirilir.
Moderator.az “NBC News”a istinadla xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdə yerləşən kəşfiyyat mərkəzləri İranın hücumları nəticəsində ciddi dağıntılara məruz qalıb.
Mənbələrin sözlərinə görə, İranın raket və dronlarla həyata keçirdiyi hücumlar ABŞ-ın regiondakı müşahidə obyektlərinə misli görünməmiş ziyan vurub. Bildirilir ki, dağıntıların miqyası ABŞ kəşfiyyat qurumlarının əvvəlki hücumlar zamanı üzləşdiyi zərərləri əhəmiyyətli dərəcədə üstələyir.
Mənbələr həmçinin qeyd ediblər ki, zədələnmiş obyektlərin və avadanlıqların bərpası ABŞ büdcəsinə milyardlarla dollara başa gələ bilər.
Telekanalın məlumatına görə, baş verənlər ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyat strukturlarında regiondakı hərbi və kəşfiyyat obyektlərinin mümkün hücumlardan qorunmasına nə dərəcədə hazırlıqlı olduqları ilə bağlı suallar doğurub.
İranın hücumlarının ABŞ-ın Yaxın Şərqdəki müşahidə imkanlarına nə qədər uzunmüddətli təsir göstərəcəyi isə hələlik məlum deyil.