"Rusiya rəsmilərinin indiyədək Köçəryanın həbsinə reaksiya verməməsi çox maraqlıdır...”
26 Aug 2026, 12:32 22 baxış 5 dəq oxuma
“7 iyul 2026-cı il parlament seçkilərinin ortaya çıxan bu nəticələrindən sonra Rusiyanın demokratik yolla Ermənistandakı vəziyyəti öz xeyrinə dəyişmək imkanı yox kimidir...”
“Son günlər Ermənistanda hüquq-mühafizə orqanlarının rusiyapərəst, revanşist eks-prezidentlər və ailə üzvlərində qarşı apardığı əməliyyatlar fonunda Kremlin Paşinyan hakimiyyətinə və əksinə, Paşinyanın Moskvaya qarşı son gedişlərini necə təhlil edərdiniz? Perspektiv necə görünür?”
Bu suallarla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında deyib ki, dünən İrəvanda hələ ki, Robert Köçəryan, onun oğlu və bir neçə tərəfdarı həbs olunub:
“Serj Sərkisyanı istintaq idarəsinə çağırsalar da, onun həbs olununub-olunmadığı barədə dəqiq məlumatlar yoxdur. Böyük ehtimalla son seçki dövründə “özünü yaxşı aparan” Sərkisyana toxunmayacaqlar. Və bununla da ruspərəst müxalif qüvvələrinin arasına ixtilaf salacaqlar. Köçəryan tərəfdarları Sərkisyanın satıldığını düşünəcək, Sərkisyan tərəfdarları isə özünü müdafiə mövqeyi tutacaq. Nəticədə “5-ci kolon”un daha artıq bölünməsi prosesi baş verəcək. Şəxsən mən, Allah eləməsin, Paşinyanın yerinə olsam, Rusiyanın ölkəmdəki sosial bazasını zəiflətmək üçün bu taktikadan istifadə edərdim. Paşinyanın ağlına bu ssenarinin gəlib-gəlmədiyini deyə bilərəm.
Mənə ən maraqlı gələn isə Rusiya rəsmilərinin indiyədək Robert Köçəryanın həbsinə reaksiya verməmələri oldu. Düzdür, Kremlə yaxın bəzi blogerlər nəsə yazdılar, amma rəsmi Moskva hələ də susur. Bu sükutu 3 amillə izah etmək olar. Ağla gələn ilk versiya Kremlin Ermənistanla Rusiya arasında onsuz da hamar olmayan münasibətlərini daha da pislətmək istəməməsidir. Görünür, Moskva boş hədə-qorxuların artıq işə yaramadığını, əksinə, bir zamanlar müttəfiq kimi gördükləri ondan daha çox uzaqlaşdırıb Qərbə yaxınlaşdırdığını hiss edir. Bu səbəbdən də boş yerə havaya “səs mərmiləri” sıxmaq istəmir. Bunun əvəzinə konkret addımlar atmağı planlaşdırır...”
Siyasi şərhçinin irəli sürdüyü ikinci versiya odur ki, “Paşinyanın belə bir addım atacağını əvvəldən proqnozlaşdırmayan Moskva hələ də şok içindədir. Bu şoku atlatdıqdan sonra yenə tele-ekranlar qarşısına Zaxarova, Medvedev, Solovyov, Peskov kimi fiqurlar çıxıb gur-gur guruldayacaq, Ermənistana təhdid yağdıracaq. Amma bu təhdidlərin nə qədər işə yarayacağı mübahisəlidir. Rusiyanın Ermənistana əsas təzyiq vasitəsi siyasi müxalifət partiyaları idi ki, onlar da son parlament seçkilərində bir araya gəlsələr də, hamısı bir yerdə cəmi 33% səs topladılar. Paşinyanın partiyası isə “Vətəndaş Sazişi” Partiyası isə seçicilərin hardasa yarısının səsini alıb qələbə çaldı. 7 iyul 2026-cı il parlament seçkilərinin ortaya çıxan bu nəticələrindən sonra Rusiyanın demokratik yolla Ermənistandakı vəziyyəti öz xeyrinə dəyişmək imkanı yox kimidir. Məntiqlə Moskva İrəvanda prosesləri dəyişmək istəyirsə, tamamilə fərqli addımlar atmalıdır. Belə addımlardan biri hərbi müdaxilədir ki, Ukraynada dişi sındırılan Moskvanın növbəti səhvə yuvarlanması, Cənubi Qafqazda ikinci cəbhəni açması bu ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər və nəticədə hansı tərəfin həmin qarşıdurmadan salamat çıxmasını proqnozlaşdırmaq çətindir. İkinci yol – Paşinyan komandasını irəli ötürüb bəzi iqtisadi və təhlükəsizlik təxribatları ilə onu çökdürmək ola bilər. Məncə, Rusiya da bu yolu tərcih edəcək...”
“Ağla gələn üçüncü versiya isə ABŞ MKİ-nin rəhbərinin Moskvaya səfəri ilə bağlıdır. Görünür, Moskva Ermənistan əvəzinə, tələ sahibinin özüylə danışıqlar aparıb əldə olunan razılığa əsasən müəyyən addımlar atmağı planlaşdırır. Sözsüz ki, MKİ rəhbəri Con Retkliff sadəcə Ermənistan üçün Moskvaya gəlməz və gəlməyib. Böyük ehtimalla, onun qovluğunda Ukrayna və İran məsələləri var. Bununla belə, adi nahar yeməklərində belə masa üzərində bəzi çərəzlər də olur. Zənnimcə, Ermənistan məsələsi də Con Retklifflə Kreml rəhbərləri arasında keçiriləcək görüşlərdə çərəz rolunu oynayacaq. ABŞ Rusiyadan istədiyini alarsa, Ermənistani müəyyən müddətə Kremlin himayəsinə buraxacaq. Yox əgər razılıq əldə edilməsə, ABŞ-ın İrəvanı daha ciddi dəstəkləyəcəyinin şahidi olacağıq”, -deyə Heydər Oğuz diqqətə çatdırıb.