Göygöl rayonunun Mollacəlilli kəndində örüş sahələrinin qanunsuz zəbt olunması ilə bağlı Moderator.az-a müraciət edən vətəndaşın şikayətinə Göygöl rayonunun Mollacəlilli kəndi üzrə bələdiyyə sədrinin müavini Araz Abbasov münasibət bildirib.
Sədr müavini açıqlamasında bildirib ki, Mollacəlilli kəndi 2025-ci ildə Göygöl Bələdiyyəsinə birləşdirilib. Ondan əvvəl kənd ayrıca bələdiyyə kimi fəaliyyət göstərib. Həmin dövrlərdə bu ərazilərdə müəyyən sahələr əkilib:
"Mollacəlilli kəndi Göygöl Bələdiyyəsinə birləşdirildikdən sonra həmin ərazilərdə əkin işlərinin tam dayandırıldığı barədə bizə məlumat verilib. Hazırda orada yeni əkin aparılmır. Yol kənarlarında və digər ərazilərdə olan bəzi yonca sahələri isə əvvəlki illərdə əkilmiş sahələrdir.
Yonca doqquz il bitir. Biz bu məsələ ilə bağlı vətəndaşlara rəsmi məktublar da göndərmişik. Həmin sahələrdə yonca əkən şəxslərə məktub göndərilərək məsələ ilə bağlı məlumat verilib və onlar bununla tanış ediliblər.
Əkin sahələrinin yaradılması tam dayandırılıb. Üç yerdə mövcud olan yoncalıqlarla bağlı da qeyd etmişəm ki, yonca doqquz il bitir və həmin sahələrdə yonca əvvəlki illərdə əkilib.
Bu məsələ ilə bağlı vətəndaşlara rəsmi məktublar göndərilib və rəsmi tədbirlərimiz görülür”.