“Leyla Bədirbəylinin “Dəli Kür” filmində mənə vurduğu şillə bilmirəm senaridə var idi yoxsa yox? Bu dəqiqə mənim yadıma düşmür. Amma biz məşq edəndə, o mənə yalandan guya şillə vururdu, mən də çəkilirdim arxaya, necə lazımdırsa oynayırdım. Amma əsas çəkiliş vaxtı o mənə elə şillə vurdu ki, çaşdım. Ağzıaçıq qaldım, gözüm də qaraldı. Sonra da fikirləşdim ki, kamera işləyir, sözlərimi deməliyəm. Özümü ələ aldım və dedim ki, “vur, vur nə dayanmısan, mən Cahandarı sevirəm”. Leyla xanımdan çox incidim. Həqiqətən də məni çox bərk vurdu. O qədər bərk vurdu ki.. Gözləmirdim. Mən onun qızı yaşında idim. Heç olmasa deyərdi ki, “qızım, çəkilişlərdə belə hallar olur, sən məndən incimə”. Heç nə demədi, elə bil belə də olmalı idi”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, “Dəli Kür” filminin Mələyi Zemfira Sadıqova deyib.
O daha sonra əlavə edib:
“Bəzən deyirlər ki, bəlkə də səni qısqanıb. Axı Leyla Bədirbəyli məni niyə qısqanmalı idi ki?! Özü də gözəl idi. O filmə Leyla xanım ona görə çəkilmədi ki, həmin rola yaraşırdı.. Xeyr! O rola Məhluqə Sadıqova çəkilməli idi. Amma.. Leyla xanımdır da. Özünüz bilirsiniz.. Arxa-dayağı, hörməti, imkanı var idi. Azərbaycanın birinci gözəli idi.. Və sair, və ilaxır.. Ona görə də Leyla Bədirbəyli çəkildi. Məni bu rola Adil İsgəndərov təsdiqləmişdi.. O demişdi ki, “Mələk roluna Zemfira Sadıqovanı çəkin..” deyə sənətkar bildirib.