Hipertoniya ilə mübarizədə düzgün qidalanma mühüm rol oynayır. Həkimlər qan təzyiqinin nəzarətdə saxlanmasına kömək edən bir sıra qidaları gündəlik rasiona daxil etməyi tövsiyə edirlər.


Moderator.az "Cursorinfo" nəşrinə istinadla xəbər verir ki, az yağlı süd məhsulları, tərəvəzlər, meyvələr, yağlı balıqlar, qoz-fındıq və tam taxıllı məhsullar yüksək qan təzyiqinin idarə olunmasına kömək edə bilər.






Az yağlı süd məhsulları xüsusilə faydalı hesab olunur. Kefir, qatıq, kəsmik və südün tərkibində qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayan kalsium və kalium var. Tam yağlı süd məhsullarının isə ölçülü qəbul edilməsi tövsiyə olunur.


Yaşıl tərəvəzlər – ispanaq, brokoli və kərəviz kaliumla zəngindir. Kalium orqanizmdən artıq natriumun xaric edilməsinə və bununla da qan təzyiqinin azalmasına kömək edə bilər.


Meyvə və giləmeyvələrdən banan, portağal və kivi kalium mənbəyi kimi seçilir. Qaragilə və zoğal kimi giləmeyvələr isə qan damarlarını qoruyan antioksidantlarla zəngindir.


Yağlı balıqlar, o cümlədən qızılbalıq, skumbriya və sardina omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığını dəstəkləyə bilər.


Bundan əlavə, badam, qoz və günəbaxan toxumları maqnezium, yulaf, qəhvəyi düyü və tam taxıl çörəyi isə lif və digər faydalı maddələrlə zəngindir.


Mütəxəssislər yalnız qidalanmaya deyil, həyat tərzinə də diqqət yetirməyi məsləhət görürlər. Gündəlik duz qəbulunun azaldılması, müntəzəm fiziki aktivlik, stressin idarə olunması və həkim nəzarəti qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər.


Qeyd edək ki, hipertoniya ciddi sağlamlıq problemi olduğundan qidalanma dəyişiklikləri həkim tərəfindən təyin olunan müalicəni əvəz etmir.