Heinz fon Foersterin 60 ildən çox əvvəl apardığı riyazi hesablamada Yer kürəsində əhali artımının kritik həddə çatacağı tarix göstərilmişdi. Həmin tarix isə 13 noyabr 2026-cı il – cümə gününə təsadüf edir.
Moderator.az "Unilad" nəşrinə istinadla xəbər verir ki, Heinz fon Foerster 1960-cı ildə “Science” jurnalında dərc olunan araşdırmasında dünya əhalisinin artım tempini riyazi modellərlə təhlil edib. Hesablamaya görə, artım həmin dövrün sürəti ilə davam etsəydi, 13 noyabr 2026-cı ildə bəşəriyyətin planetin imkanlarını aşaraq ciddi böhranla üzləşməsi ehtimalı yaranacaqdı.
Alimin hesablamasında söhbət dünyanın həmin gün fiziki olaraq məhv olmasından getmirdi. “Qiyamət günü” ifadəsi əhali artımının nəzarətsiz davam etməsi halında yaranacaq fəlakətli vəziyyəti təsvir etmək üçün işlədilmişdi.
Lakin sonrakı onilliklərdə dünya əhalisinin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Doğum səviyyəsinin aşağı düşməsi, təhsilin və ailə planlaşdırılmasının genişlənməsi kimi amillər demoqrafik dinamikanı dəyişib. Buna görə də müasir demoqraflar fon Foersterin hesablamasını daha çox xəbərdarlıq xarakterli riyazi ssenari kimi qiymətləndirirlər.
Alimin süni intellektlə bağlı xəbərdarlığı da diqqət çəkir
Fon Foersterin adı bu gün yalnız “Qiyamət” hesablaması ilə deyil, süni intellektlə bağlı fikirləri ilə də gündəmə gəlib.
1995-ci ildə verdiyi müsahibədə alim insanların kompüter və maşınların fəaliyyətinə insan xüsusiyyətləri aid etməsinin təhlükəli olduğunu vurğulamışdı. O hesab edirdi ki, maşının mürəkkəb tapşırıqları yerinə yetirməsi onun insan kimi düşündüyü və ya şüura malik olduğu anlamına gəlmir.
Bu fikir süni intellektin həyatın müxtəlif sahələrinə sürətlə daxil olduğu indiki dövrdə daha da aktual görünür. İnsanabənzər danışan çatbotlar bəzən istifadəçilərdə onların həqiqətən “düşündüyü”, “hiss etdiyi” və ya “anladığı” təəssüratı yarada bilir.
Beləliklə, 13 noyabr 2026-cı ilin dünyanın sonu olacağını təsdiqləyən heç bir elmi əsas yoxdur. Fon Foersterin hesablaması müəyyən dövrün əhali artımının riyazi ekstrapolyasiyasına əsaslanırdı. Buna baxmayaraq, onun 60 ildən əvvəl səsləndirdiyi əhali artımı, resursların məhdudluğu və texnologiyanın insan həyatına təsiri ilə bağlı suallar bu gün də aktuallığını qoruyur.