Səhər yeməyində və ya uzun müddət yemək yemədikdən sonra bəzi qidaların qəbul edilməsi mədədə narahatlıq, köp, ağırlıq və digər xoşagəlməz hallara səbəb ola bilər. Hətta faydalı hesab edilən bəzi məhsulların da acqarına yeyilməsi hər kəs üçün uyğun deyil.


Moderator.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı dietoloq Kristofer Qarner xüsusilə səhər yeməyində və ya dörd saatdan çox fasilədən sonra qəbul edilən qidalara diqqət yetirməyi tövsiyə edir.






Maya ilə hazırlanan məhsullar acqarına qəbul edildikdə qaz və şişkinliyə səbəb ola bilər. Bu səbəbdən çörək və digər xəmir məhsullarının protein və tərəvəzlə zəngin yeməkdən sonra yeyilməsi daha məqsədəuyğun hesab olunur.


Şəkər və şirin meyvələr də acqarına çox uyğun seçim sayılmır. Şəkərli içkilər, konfet və çox yetişmiş banan qanda şəkərin sürətlə yüksəlməsinə, daha sonra isə azalmasına səbəb olaraq yorğunluq və halsızlıq yarada bilər.


Sitrus meyvələri – portağal, naringi, qreyfrut və limon bəzi insanlarda mədə turşusunu və qıcıqlanmanı artıra bilər. Xüsusilə mədə-bağırsaq problemi və yüksək turşuluğu olan şəxslərin bu meyvələri əsas yeməkdən sonra qəbul etməsi tövsiyə olunur.


Armud və xurma tərkibindəki yüksək lif səbəbindən acqarına bəzi insanlarda həzm çətinliyi və ağırlıq hissi yarada bilər.


Sarımsaq və acı bibər isə mədənin selikli qişasını qıcıqlandıra bilər. Buna görə həssas mədəsi olan insanların bu məhsulları acqarına qəbul etməməsi daha yaxşıdır.


Mütəxəssislər bildirirlər ki, qidaların təsiri insandan-insana dəyişə bilər. Buna görə xüsusilə davamlı mədə narahatlığı olan şəxslər fərdi qidalanma qaydalarını həkim və ya dietoloqla müəyyənləşdirməlidirlər.