Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarında kəskin artım qeydə alınıb. Son bir həftə ərzində 75 yeni yoluxma aşkarlanıb, virusdan ölənlərin sayı isə 19-a yüksəlib.


Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) avqustun 26-dək olan məlumatlarına əsasən, 2026-cı il ərzində ölkədə Qərbi Nil virusuna ümumilikdə 232 yerli yoluxma təsdiqlənib. Onlardan 165 nəfərdə ensefalit, meningit və ya digər ciddi nevroloji fəsadlar müşahidə olunub.






Son bir həftədə qeydə alınan 75 yeni hal vəziyyətin ciddiliyini bir daha göstərib. Virusdan ölən 19 nəfərin hamısının 65 yaşdan yuxarı olduğu, ölənlərin orta yaşının isə 85 olduğu bildirilir. Hazırda 69 xəstə xəstəxanalarda müalicə olunur.


Mütəxəssislər bildirirlər ki, Qərbi Nil virusu əsasən ağcaqanadların dişləməsi ilə insanlara keçir. "EODY" də əhalini ağcaqanadlardan qorunmağa çağırıb.


Yunanıstan səhiyyə qurumlarının məlumatına görə, ölkə hazırda virusun yayılmasının pik dövrünə yaxınlaşır və yeni yoluxmaların sentyabrın sonuna qədər davam edə biləcəyi gözlənilir. Xüsusilə yaşlı insanların ağcaqanad dişləmələrindən qorunması tövsiyə olunur.