"TamStore" marketlər şəbəkəsinin 100-cü mağazasının açılışı münasibətilə avqustun 24-25-də keçirdiyi "1+1" kampaniyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Kampaniya ilə bağlı bəzi alıcılar endirimli məhsulların səhər saatlarından etibarən tükəndiyini, bu səbəbdən elan olunan təkliflərdən yararlana bilmədiklərini bildiriblər. 






Sözügedən narazılıqlar əsasında kampaniyanın məhsul təminatı, əlçatanlığı və təşkilinə dair müxtəlif fikirlər səsləndirilib.


Moderator.az məsələ ilə bağlı "TamStore"un mövqeyini öyrənmək məqsədilə şirkətin mətbuat katibi Elvin Babayevə müraciət etdi.


– Elvin müəllim, təşkil etdiyiniz kampaniya ilə bağlı sosial şəbəkələrdə çoxsaylı narazılıqlar səsləndirilir. Alıcılar bildirirlər ki, kampaniya məhsulları artıq səhər saatlarında tükənib və nəticədə reklam olunan təkliflərdən yararlana bilməyiblər. Bu isə bəzi vətəndaşlarda kampaniyanın şəffaflığı və məhsulların əlçatanlığı ilə bağlı suallar yaradıb. 


Şirkət olaraq bu narazılıqları necə qiymətləndirirsiniz?


 Kampaniya çərçivəsində satışa çıxarılan məhsulların çeşidi və stok həcmi hansı meyarlar əsasında müəyyənləşdirilmişdi? 


Yüksək müştəri tələbatı əvvəlcədən nəzərə alınmışdımı? Eyni zamanda, yaranmış narazılıqların aradan qaldırılması və gələcək kampaniyalarda oxşar halların qarşısının alınması üçün hansı addımların atılması nəzərdə tutulur?


– TamStore marketlər şəbəkəsi iki gün ərzində 1+1 kampaniyasına start vermişdi. Biz “100 məhsulda bir alana biri pulsuz” formatında kommunikasiya apardıq. Yüksək müştəri axını olacağını düşünürdük və gözləntimiz özünü doğrultdu.


Bu səbəbdən 1+1 kampaniyası çərçivəsində məhsullar üzrə alternativlər də müəyyənləşdirilmişdi. Məsələn, duru yağlardan San Palermo məhsulu kampaniyaya daxil edilmişdi. 


Onun tükənəcəyi təqdirdə növbəti məhsul 2 litrlik Final günəxan yağı, daha sonra isə Komili və Zlato yağları idi. Bu məhsulların hamısı eyni vaxtda 1+1 kampaniyasına daxil edilmişdi. Digər tərəfdən, müştərilərin ən çox almaq istədiyi və ən sürətlə tükənən məhsullardan biri kərə yağı idi. 


Biz reklamlarda Fresh Butter kərə yağını təqdim etmişdik və həmin məhsul bütün mağazaların stoklarında kifayət qədər mövcud idi. Bununla yanaşı, Veskof kərə yağının, məsələn, 400 qramlıq məhsulun da 1+1 kampaniyasını elan etmişdik. 


Həmin məhsulu da endirimə salmışdıq. Bundan başqa, bir neçə kərə yağı çeşidini də endirimə salmışdıq. Ümumilikdə, TamStore marketlər şəbəkəsində iki gün ərzində net olaraq 538 çeşid məhsul müştərilərə 1+1 formatında təqdim olundu.


Sadəcə, bütün mağazaların müəyyən stok yükü var. Biz bütün kommunikasiyalarımızda da qeyd etmişdik ki, endirimlər məhsul bitənə qədər keçərlidir. Məhsulların tamamilə tükənməsi halının baş vermədiyini xüsusilə qeyd etmək istəyirəm. 


Biz stoklara nəzarət edir, onları daim izləyir və tükənən məhsullar üzrə əlavə sifarişlər verərək mağazalara çatdırılmasını təmin edirdik.

Bununla bağlı video görüntülər də var, onları da sizə göndərirəm. Baxarsınız. Həmin görüntülər müştərilər tərəfindən çəkilib, bizim tərəfimizdən çəkilməyib.


Gələcəkdə, təbii ki, bu tip kampaniyalar davam edəcək. Biz bütün hallarda kampaniya müddətində müştərilərin müraciətlərinə açıq oluruq. Müştərilər qaynar xəttimizə müraciət etdikdə məsələni araşdırır, yerində yoxlayır və yaranmış narazılığı həll etməyə çalışırıq.


Pərvin Şakirqızı