“Guya Paşinyan Köçəryanı həbs etməklə Putinin sifarişini yerinə yetirir- nə qədər gülünc bir iddia?!.”


Rusiyanın müxalifətyönümlü sayılan “Novaya qazeta” nəşrində Ermənistan hakimiyyətinin Moskva ilə münasibətləri və Robert Köçəryanın təqibi ilə bağlı sərt ittihamlar səsləndirilib. Qərbyönümlü siyasətçi Andreas Qukasyan Nikol Paşinyanın Rusiyadan uzaqlaşaraq Avropaya inteqrasiya siyasəti apardığı barədə bəyanatlarının real siyasətlə ziddiyyət təşkil etdiyini iddia edib. Onun sözlərinə görə, Paşinyanın bəzi addımları Kremlin maraqları ilə üst-üstə düşür və Rusiya rəhbərliyinin siyasi məqsədlərinə xidmət edir. 






Müsahibədə bu günlərdə Ermənistanda Robert Köçəryan və digər keçmiş hakimiyyət nümayəndələrinin cinayət təqibinin korrupsiya ilə mübarizədən çox siyasi məqsədlər daşıdığı bildirilib. Qukasyan həmçinin Köçəryana qarşı ittihamların seçkidən əvvəl geri plana keçirilməsini və onun partiyasının seçkilərə buraxılmasını Rusiyanın istəyi ilə əlaqələndirib. Bir sözlə, oxucuda belə bir təəssürat yaranır ki, son illər Rusiya dövlətinə qarşı yönəldiyi görünən bütün gedişlərinə rəğmən Nikol Paşinyan əslində Kremlə və konkret bu işğalçı ölkənin diktatoru Vladimir Putinə xidmət edir.


Siyasi şərhçi Qabil Hüseynli Moderator.az-a açıqlamasında yuxarıda qeyd olunan fikirlərə münasibət bildirib:


“Paşinyanın xarakteri və gördüyü əməllər onun kimliyini açıq şəkildə göstərir. Ümumiyyətlə, o, hələ elə bir hərəkətə yol verməyib ki, onun siyasəti ilə bağlı zərrə qədər də olsa şübhə yaransın. Paşinyan hakimiyyətə yeni gələndə Robert Köçəryanı həbs etdirdi. Həmin vaxt Vladimir Putin Moskvadan İrəvana gəldi və Paşinyandan xahiş etdi ki, Köçəryanı zaminə buraxsın. Yəni onu həbsdə saxlamasın, sadəcə, ayağına elektron qandal taxmaqla azadlığa buraxsın. Paşinyan da Putinin sözünü eşitdi. İndi nə oldu ki, birdən-birə vəziyyət dəyişdi və Paşinyan Putinin adamına çevrildi?


Hamıya məlumdur ki, Köçəryan dələduzun biridir. Lazımınca təhsil almamış, küçələrdə soyğunçuluq və oğurluqla məşğul olmuş bir məxluqdur. Hətta mənim bildiyimə görə, keçmiş Dağlıq Qarabağda hələ sovet dövründə komsomol təşkilatının rəhbəri olduğu vaxt oğurluğa görə milis tərəfindən həbs edilib.


Bu cür alçaqlıq və dələduzluqlarla qarşısına çıxanları dizinin altına qoyaraq Qarabağdakı qondarma milli azadlıq hərəkatının liderinə çevrildi. Ardınca isə eyni yollarla, Moskvada Putin kimi daha böyük və istedadlı dələduzların dəstəyi hesabına Ermənistan prezidenti oldu. Prezidentliyi başa çatdıqdan sonra isə yenidən Moskvaya, Putinin yan-yörəsinə sığındı və orada bir şirkətin idarə heyətinin üzvü oldu.


Bu gün də yenidən həbs edilib. Putin birbaşa etməsə də, dolayısı ilə onu yenə müdafiə edəcək.


Hələ mən onu demirəm ki, Köçəryan nəinki Azərbaycan xalqına qarşı Xocalı soyqırımının fəal icraçılarından biri olub, eyni zamanda, 1 mart 2008-ci ildə İrəvanda onun hakimiyyətinə etiraz edən 30-dan çox həmvətənini güllələtdirib.


Bu gün açıq şəkildə Qərbə inteqrasiya yolu tutan, Rusiyadan maksimum uzaqlaşmağa çalışan və demokratik seçkilər keçirən Paşinyan necə ola bilər ki, Köçəryan kimi bir qatil və dələduzla eyni sırada dayanaraq Putinin adamı olsun? Deməli, Rusiyanın “Novaya qazeta”sının yazdıqları gülünc bir şeydir.


Görünür, Paşinyanı gözdən salmağın başqa yolunu tapmırlar, indi də belə üsullara əl atırlar Guya Paşinyan Köçəryanı həbs etməklə Putinin sifarişini yerinə yetirir- nə qədər gülünc bir iddia?!.”


Sultan Laçın