“İravunk” qəzeti yazır ki, hakim “Vətəndaş sazişi" partiyasındakı mənbələrin məlumatına görə, yaxın günlərdə səs-küylü həbslər gözlənilir və bu həbslər şok görüntülərlə müşayiət olunacaq.
 




Moderator.az bu haqda erməni mənbələrinə istinadla xəbər verir.
 
Nəşrin məlumatına görə, xüsusilə hədəfdə Azərbaycan torpaqlarının işğalı dövründə keçmiş Dağlıq Qarabağ ərazisində fəlaiyyət göstərmiş erməni generallarıdır. Qəzet iddia edir ki, söhbət hazırda Ermənistanda bizneslərə sahib olan Qarabağ hərbi elitasının nümayəndələrindən gedir.
 
“İravunk”un yazdığı məlumat hələlik anonim mənbənin iddiasıdır və konkret şəxslərin adları açıqlanmır. Həmçinin həmin şəxslərə qarşı hansı ittihamların irəli sürüləcəyi, həbslərin hansı hüquqi iş çərçivəsində həyata keçirilə biləcəyi və sözügedən “şok görüntülərin” nədən ibarət olacağı barədə qəzet əlavə məlumat vermir.
 
Erməni mediasında son illərdə Qarabağdan Ermənistana köçən şəxslərin iqtisadi fəaliyyəti də ayrıca mövzu kimi işıqlandırılıb. Məsələn, "JAMnews" 2024-cü ildə Qarabağdan köçmüş insanların Ermənistanda yeni bizneslər qurmağa başladığını yazıb. Qondarma “Artsax Birliyi”nin məlumat bazasında da hazırda Ermənistanda fəaliyyət göstərən Qarabağdan köçmüş şəxslərin yaratdığı çoxsaylı kiçik və mikro bizneslərin qeydiyyata alındığı bildirilir.
 
Bununla belə, həmin açıq mənbələrdə Qarabağ hərbçilərinin və ya generallarının yaxın günlərdə kütləvi şəkildə həbs ediləcəyi barədə təsdiqlənmiş məlumat yoxdur. 
 
Qeyd edək ki, işğal dövründə Qarabağda Azərbaycana qarşı fəaliyyət göstərən erməni generallardan 2020-2023-cü illərdəki II Qarabağ savaşı nəticəsində yalnız ikisi:
keçmiş "müdafiə naziri" Levon Mnatsakanyan və keçmiş "müdafiə ordusu" komandanın 1-ci müavini Davit Manukyan Qarabağdan Ermənistana keçməyə çalışarkən Azərbaycan tərəfindən saxlanılıb və hazırda Bakıda həbsdədir..
 
Aşağıdakılar tanınmışlar isə Ermənistana qaça bilib:
 
Seyran Ohanyan — Qarabağ müharibəsində erməni hərbi komandanlığında iştirak edib, sonradan Ermənistanın müdafiə naziri və general-polkovnik olub. Xocalı soyqırımı zamanı 366-cı Rusiya alayında tabor komandiri olub. Şuşa əməliyyatında şimal-qərb istiqamətinə rəhbərlik edən komandirlərdən biri kimi göstərilir.
 
Samvel Babayan — general-leytenant, 1994–2000-ci illərdə Qarabağdakı erməni qüvvələrinin müdafiə naziri və faktiki əsas hərbi rəhbərlərindən biri olub. 1994-cü ildə "atəşkəs" barədə Bişkek protokolun imza atıb.
 
Arkadi Ter-Tadevosyan (“Komandos”) — general-mayor, Birinci Qarabağ müharibəsində erməni qüvvələrinin əsas komandirlərindən olub, 1992-ci ildə Şuşaya hücum əməliyyatına rəhbərlik edib. 2021-ci ildə İrəvanda ölüb.
 
Vitali Balasanyan - Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin komandirlərindən biri kimi fəaliyyət göstərib. O, sonradan Qarabağdakı separatçı rejimin “müdafiə nazirinin müavini” və “Təhlükəsizlik Şurasının katibi” kimi vəzifələrini tutub. Balasanyan general-mayor rütbəsi daşıyıb və separatçı rejimin 2012 və 2020-ci illərdə keçirilən qondarma prezident seçkilərində namizəd olub. 2023-cü ildə “Təhlükəsizlik Şurasının katibi” vəzifəsindən azad edilib.
 
Cəlal Harutyunyan — general-leytenant, Qarabağdakı erməni “Müdafiə Ordusu”nun komandanı və 2020-ci ildə “müdafiə naziri” olub.
 
Karen Abrahamyan — general-leytenant, 2018–2020-ci illərdə Qarabağdakı erməni “müdafiə naziri” olub.
 
Samvel Karapetyan (“Oqanovski”) — general-mayor, Qarabağdakı erməni qüvvələrinin Mərkəzi Müdafiə Dairəsinin komandiri və sonradan “Müdafiə Ordusu” komandanının müavini olub.
 
S.Laçın