Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın, həmçinin onun oğlu Sedrak Köçəryanın da həbs edilməsindən və Köçəryan ailəsinin biznes strukturlarında aparılan istintaq hərəkətlərindən danışıb. Lavrov qeyd edib ki, Köçəryan dövründə müdafiə naziri olmuş və daha sonra prezident seçilmiş Serj Sərkisyanla bağlı da istintaq aparılır.
Moderator.az bu haqda News.am və digər erməni mənbələrinə istinadıa xəbər verir.
Lavrovun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi erməni xalqının maraqlarından çıxış etməkdir. O bildirib ki, əsrlər boyu erməni xalqının maraqları Rusiya xalqının maraqları ilə sıx şəkildə bağlı olub və iki xalq uzun müddət həmrəy olub. Lavrov Rusiyanın ağır vəziyyətlərdə dəfələrlə Ermənistan xalqına və rəhbərliyinə yardım etdiyini vurğulayıb.
“Bu maraqlar, əlbəttə, üstünlük təşkil etməlidir. Lakin hazırda İrəvandakı hakimiyyətin nümayəndələri başqa vəzifələri rəhbər tuturlar”, – Lavrov deyib.
Rusiya XİN rəhbəri Ermənistanın Avropa İttifaqına yönəlmək məqsədini bəyan etdiyini və Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul etdiyini xatırladıb. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr may ayında keçirilən sammitdə Ermənistan rəhbərliyinə referendum keçirmək və seçim etmək çağırışı ilə müraciət ediblər: Ermənistan Avropa İttifaqına qoşulmaq istəyir, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq?..
Lavrov bu tələbi “tamamilə əsaslı” adlandırıb və iki təşkilatın normalarının bir-biri ilə uyğun olmadığını bildirib.
“Amma Ermənistanın baş naziri cənab Paşinyan deyib ki, vaxtı gələndə qərar verəcəyəm. Əgər Ermənistanın Avropa İttifaqına üzvlüyünün başlanması haqqında qanun qəbul etmisənsə, ‘vaxtı gələndə’ nə deməkdir?” – Rusiya XİN rəhbəri sual edib.
Lavrov həmçinin Nikol Paşinyanın referendumun yalnız Ermənistanın Aİ-yə üzvlük üçün müraciəti təqdim edildikdən, buna cavab alındıqdan və üzvlüklə bağlı “yol xəritəsi” hazırlandıqdan sonra keçirilə biləcəyinə dair son açıqlamasını xatırladıb. Onun fikrincə, bu yanaşma Ermənistan seçicilərinə və erməni xalqına böyük etimadın olmadığını göstərir.
Bu kontekstdə Lavrovla Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında 2019-cu ildə baş vermiş görüş də diqqət çəkir. Həmin ilin iyulunda Slovakiyanın Vısoke Tatri şəhərində ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində iki nazir görüşmüş və Ermənistan-Rusiya münasibətləri ilə yanaşı, Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmişdi.
Həmin dövrdə Ermənistanda nəşr olunan “İrates” qəzeti isə görüşün problemsiz keçmədiyini iddia etmişdi. Qəzetin yazdığına görə, Lavrov Mnatsakanyanı soyuq qarşılayıb və Nikol Paşinyan hakimiyyətinin siyasətindən narazılığını nümayiş etdirib. Nəşr iddia etmişdi ki, Lavrov Rusiyanın prezidenti Vladimir Putinin Ermənistana səfərindən əvvəl Robert Köçəryanın həbsdən azad edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu iddialar 2019-cu ildə “İrates” qəzetinin yaydığı məlumatlara əsaslanırdı və rəsmi Moskva tərəfindən həmin görüşün “soyuq” keçməsi və Köçəryanın azad edilməsinin Lavrov tərəfindən tələb olunması təsdiqlənməmişdi. Bununla yanaşı, 2019-cu ilin sonrakı dövründə Lavrov və Mnatsakanyan arasında rəsmi təmaslar davam edib; noyabr ayında onların İrəvanda birgə mətbuat konfransı da keçirilib.
Rusiya XİN rəhbəri Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə etdiyi iqtisadi göstəriciləri də diqqətə çatdırıb. O bildirib ki, son üç ildə Ermənistanla Rusiya arasında əmtəə dövriyyəsi 6 milyard dolları keçib, ayrı-ayrı illərdə isə 12 milyard dollara çatıb.
“Dürüst seçim göstərmək lazımdır – sən nəyi seçirsən: Avropa İttifaqına üzvlüyü, yoxsa son illərdə 6 milyard dollardan çox, bir ildə isə 12 milyard dollara çatan ticarət dövriyyəsi fonunda hazırkı həyatını və Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edən ölkəni?” – Lavrov belə deyib.
S.Laçın