Arıqlamaq üçün yalnız hansı qidaları yediyiniz deyil, onları hansı ölçüdə qab-qacaqda qəbul etdiyiniz də önəmli ola bilər. Mütəxəssislər boşqab, stəkan və qaşığın ölçüsünün porsiyaya və toxluq hissinə təsir göstərə biləcəyini bildirirlər.
Moderator.az xəbər verir ki, bu barədə məşqçi Viktor Mandzyak sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, daha kiçik qab-qacaqdan istifadə etmək porsiyalara nəzarəti asanlaşdıra və gün ərzində qəbul edilən kalorinin azalmasına kömək edə bilər.
Kiçik boşqab – daha az yemək
Kiçik boşqabda eyni miqdarda yemək daha böyük görünür. Bu isə insanda daha çox qida qəbul etdiyi təəssüratı yarada və toxluq hissinin daha tez formalaşmasına kömək edə bilər. Bundan əlavə, kiçik boşqab artıq böyük porsiyaların qarşısını almağa imkan verir.
Dar stəkan – daha az içki
Hündür və dar stəkanda eyni miqdarda içki daha çox görünə bilər. Bu üsul xüsusilə şəkərli içkilər və meyvə şirələri kimi kalorili içkilərin qəbulunu azaltmaq istəyənlər üçün faydalı ola bilər.
Kiçik qaşıq – daha yavaş yemək
Kiçik qaşıqdan istifadə yeməyi daha yavaş qəbul etməyə və hər tikəyə daha çox diqqət yetirməyə səbəb ola bilər. Yavaş yemək isə orqanizmin toxluq siqnalını vaxtında qəbul etməsinə şərait yaradır.
Mütəxəssislər çəkiyə nəzarət etmək istəyənlərə kiçik boşqab, dar stəkan və kiçik qaşıqdan istifadə etməyi tövsiyə edirlər. Bu sadə dəyişikliklər porsiya nəzarətini asanlaşdıra bilər.