1992-ci ildə ermənilərin Laçını işğal etməsindən sonra burada yaşayan və xilas olmağı bacaran azərbaycanlılar ölkənin müxtəlif bölgələrinə köç etmişdilər.
 




Onlardan 6 ailə Goranboy rayonunun Ballıqaya ərazisində məskunlaşmışdı. Heyvandarlıqla məşğul olan bu ailələr 1992-ci il avqustun 28-də, səhər saat 06:00 radələrində ermənilərin silahlı hücumuna məruz qaldılar.
 
Hücum nəticəsində aralarında 6 aylıq körpə və 93 yaşlı qadının da olduğu, 6-sı uşaq olmaqla, ümumilikdə 24 dinc azərbaycanlı amansızcasına qətlə yetirildi, onların meyitləri yandırıldı. Daha 9 nəfər isə ağır yaralı halda sağ qurtula bildi.
 
Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamları ermənilərin 1988–1994-cü illərdə Qarabağ bölgəsində azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların yalnız bir neçəsidir. Erməni işğalına məruz qalan yaşayış məntəqələrinin əksəriyyətində dinc əhaliyə qarşı ağır cinayətlər və vəhşiliklər törədilmiş, bu faciələr isə özünü "sivil" və "demokratik" adlandıran Qərb mediası və bir sıra siyasi dairələr tərəfindən uzun illər ərzində lazımi diqqətdən kənarda saxlanılmışdır.
 
İsmayıl Cingöz,
Beynəlxalq siyasət üzrə ekspert
BULTÜRK-ün Ankara nümayəndəsi
TDPB Mətbuat Klubunun sədri