İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətində genişmiqyaslı hərbi texnika yerdəyişməsi qeydə alınıb.


Moderator.az bu haqda İran və xarici mənbələrə istinadla xəbər verir.






Bölgədəki yerli fəalların və sakinlərin sosial şəbəkələrdə paylaşdığı videogörüntülərə əsasən, Nikşəhr şəhərindən ölkənin cənubundakı strateji Çabahar limanı istiqamətində ağır zirehli tankların daşındığı bildirilir. Məlumata görə, ən azı 4 ağır döyüş tankını daşıyan xüsusi hərbi qoşqular ötən gecə əyalətin mühüm tranzit qovşaqlarından biri olan İranşəhr şəhərində dayanıb, səhər saatlarında isə Nikşəhr marşrutu ilə hərəkətini davam etdirib. Müvafiq video-görüntüləri ilkin olaraq "Halvash (Haalvsh) Human Rights Group" regional media platforması və telegram kanalı yayıb. 


Müstəqil mənbələr nə deyir?..


Bununla belə, tankların bölgədəki hərəkətinin dəqiq səbəbi, Çabahardakı mümkün yekun təyinat yeri, eləcə də bu fəaliyyətin hansı hərbi proqram və ya əməliyyat çərçivəsində həyata keçirildiyi barədə hələlik rəsmi orqanlar tərəfindən heç bir müstəqil məlumat təqdim olunmayıb. Ekspertlər bu hərəkətliliyi ABŞ-nin bölgədəki dəniz blokadası təhdidləri fonunda mühüm okean limanı olan Çabaharın və Məkran sahili infrastrukturlarının müdafiəsinin gücləndirilməsi, həmçinin Sistan və Bəluçistandakı daxili təhlükəsizlik tədbirləri ilə əlaqələndirirlər.


S.Laçın