Rusiyanın Rostov vilayətində avqustun 29-na keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı silsilə partlayışlar qeydə alınıb. Yerli sakinlərin bildirdiyinə görə, dronlar Rostov-na-Donu yaxınlığındakı Bataysk və Aksay şəhərləri istiqamətində hərəkət edib.
Moderator.az bu haqda Rusiya, Ukrayna və digər xarici KİV-ə istinadla xəbər verir.
Rusiya və Ukrayna mediasında Bakı vaxtı ilə səhər saat 6-7 radələrində yayılan məlumatlara görə, həmin ərazidə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub. "OSINT" üzrə ixtisaslaşan "Exilenova+" layihəsinin məlumatında partlayışların sayının 20-i keçdiyi iddia edilir. Bu barədə Ukraynanın “Focus” nəşri də yazıb.
Məsələnin diqqətçəkən tərəfi odur ki, Bataysk və Aksay ətrafında Rusiyanın iri onlayn ticarət platformalarından biri olan "Ozon"un logistika obyektləri yerləşir. Monitorinq kanallarının məlumatında məhz bu obyektlərin yaxınlığında partlayışların baş verdiyi qeyd olunur.
Daha sonra sosial şəbəkələrdə Aksay və Batayskdakı partlayışlara aid olduğu bildirilən video və fotolar yayılıb. Yerli sakinlərin iddiasına əsasən, PUA qalıqlarının və ya zərbə nəticəsində düşən obyektlərin olduğu ərazilərdə yanğınlar baş verib. Monitorinq kanallarından birinin məlumatında Aksayda “dronların gəlişlərinin” qeydə alındığı və zərbədən sonra yanğın yarandığı bildirilib. Bu məlumatların müstəqil şəkildə təsdiqlənməsi hələ mümkün deyil.
Eyni zamanda, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına görə, avqustun 29-da hava hücumuna Rostov-na-Donu ilə yanaşı Aksay, Baqayevski və Neklinovski rayonları da məruz qalıb. Rəsmi məlumatda həmin vaxt zərərçəkənlər və yerdəki dağıntılar barədə məlumatların dəqiqləşdirildiyi bildirilib.
Almaniyanın "DW" nəşrinin məlumatına görə, Rusiyanın Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Azov-Qara dəniz hövzəsində limanların bağlanması və gəmiçiliyin pozulması səbəbindən regional fövqəladə vəziyyət elan edilib. Bu haqda qubernator Y. Slyusar danışıb...
"Ozon"un logistika şəbəkəsi son günlər bir neçə dəfə hədəfə gəlib...
"Ozon"la bağlı məlumatlar bu hücumun fonunda xüsusi diqqət çəkir. "Reuters" daha əvvəl avqustun 22-də və 23-də Rusiyanın müxtəlif regionlarında şirkətə məxsus logistika obyektlərinin PUA hücumlarına məruz qaldığını yazıb. Avqustun 23-də Orenburq vilayətindəki "Ozon" anbarlarından biri hücum zamanı zərər görüb, şirkət isə 300-dən çox əməkdaşın təxliyə edildiyini açıqlayıb.
"Reuters"-in məlumatına görə, son günlər "Ozon"un Rusiyanın bir neçə regionundakı logistika mərkəzləri hücumların hədəfinə çevrilib. Şirkət Mahaçqala və Enemdə obyektlərə ziyan dəydiyini, Adıgeysk, Nevinnomıssk, Samara və Orenburqdakı bəzi logistika fəaliyyətlərinin isə müvəqqəti dayandırıldığını bildirib.
“Financial Times” da "Ozon"un cənubi Rusiyadakı bir sıra logistika mərkəzlərinin PUA hücumlarından zərər gördüyünü və şirkətin səhmlərinin kəskin ucuzlaşdığını qeyd edib.
Zelenski: Rusiyaya sutkada 1000 uzaqmənzilli dron buraxılsın!..
Bu hadisələr Ukraynanın Rusiyanın dərinliklərinə uzaqmənzilli PUA zərbələrini artırmaq planlarının açıqlanmasından bir gün sonraya təsadüf edir. Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 28-də Ali Baş Komandanın Qərargahının iclasından sonra bildirib ki, ölkənin müdafiə sənayesi uzaqmənzilli pilotsuz aparatların istehsalını əhəmiyyətli dərəcədə artırmalıdır. Onun sözlərinə görə, qarşıya qoyulan məqsəd Rusiya ərazisinə sutkada 1000-ə qədər dron buraxa bilməkdir. Hazırda bu göstəricinin orta hesabla təxminən 300 olduğu bildirilib...
Zelenskinin açıqlaması beynəlxalq mediada da geniş işıqlandırılıb. "Əl-Cəzirə"(“Al Jazeera”) "Reuters"-ə istinadən yazıb ki, Ukrayna prezidenti uzaqmənzilli PUA zərbələrinin gündəlik sayını hazırkı səviyyədən üç dəfədən çox artırmağı qarşıya məqsəd qoyub.
“Ukrainska Pravda” isə Zelenskinin müdafiə-sənaye kompleksinə uzaqmənzilli dronların istehsalını artırmaq tapşırığı verdiyini və bunun nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə gündə 1000-ə qədər PUA göndərə bilməsinin planlaşdırıldığını yazıb.
Beləliklə, Rostov vilayətindəki son hadisələr Ukraynanın Rusiyanın arxa cəbhəsindəki iqtisadi və logistika infrastrukturuna qarşı PUA kampaniyasını genişləndirdiyi bir vaxtda baş verir. Bununla belə, Bataysk və Aksayda məhz hansı obyektlərin zərər gördüyü, "Ozon"un logistika mərkəzlərinə real ziyan dəyib-dəymədiyi və hücumun nəticələri barədə hələlik tam müstəqil təsdiqlənmiş məlumat yoxdur.
S.Laçın