Nepalda baş verən təbii fəlakət nəticəsində yüzlərlə turistlə əlaqənin kəsildiyi bildirilir.


Moderator.az TASS-a istinadla xəbər verir ki, Nepal Turizm Şurasının məlumatına görə, xilasedicilər fəlakət zonasından 184 turisti təxliyə edib, 420 turistlə isə hələ də əlaqə saxlamaq mümkün olmayıb.






Şuranın açıqlamasına əsasən, xilas edilənlər arasında 15 ölkənin vətəndaşları var. Onların arasında iki Rusiya vətəndaşı da yer alır. Daha üç turistin isə hakimiyyət orqanları ilə əlaqə saxladığı bildirilir.


Bütün aidiyyəti xidmətlər fəlakətdən zərər çəkən turistlərin yerini müəyyənləşdirmək və onların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirir.


Nepalda baş verən daşqınlar nəticəsində ən azı 626 nəfərin öldüyü, təxminən 2500 nəfərin isə itkin düşdüyü bildirilir. Rusiya səfirliyinin məlumatına görə, fəlakət zonasında olduğu ehtimal edilən səkkiz Rusiya vətəndaşı ilə əlaqə saxlanılmır. Nepal Turizm Şurasının siyahısında isə yeddi rusiyalının daha adı var.


İki rusiyalı qadının isə xilas edilərək Katmanduya təhlükəsiz şəkildə çatdırıldığı qeyd olunur.