Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin ön plana çıxdığı bir mərhələdə Qarabağ mövzusunun Avropada yenidən müxtəlif siyasi və informasiya platformalarında önə çəkilməsi diqqət çəkir. Xüsusilə erməni diasporunun ayrı-ayrı Avropa paytaxtlarında keçirməyə hazırlaşdığı tədbirlər isə Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq cəhdlərinin davam etdiyini göstərir.


Bəs Paris meriyasının belə bir aksiyaya dəstək verməsi bu tədbirin sadəcə diaspor təşəbbüsü olmadığını göstərir? 






Bu addım Fransanın Azərbaycan və Cənubi Qafqazla bağlı mövqeyində hansı siyasi yanaşmaların hələ də qüvvədə olduğunu göstərir?


Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyevlə həmsöhbət olduq.


Moderator az-a verdiyi açıqlamada deputat qeyd edib ki, son zamanlar Avropa siyasi həyatında yenidən Ermənistanın revanşist diasporunun və lobbisinin aktivləşdiyini və revanşistlərin arxasında Avropa İttifaqında bəzi qüvvələrin yenidən fəallaşmasını görürük:


"Yayılan məlumatlara görə, Paris meriyası erməni diasporuna dəstək verməklə yenidən Azərbaycana qarşı bir aksiya keçirməyi planlaşdırır və bu aksiyanın məqsədinin Fransanın yenidən müsbət atmosferdə formalaşmış postmünaqişə dövründəki Ermənistan–Azərbaycan sülh prosesinə, təbii ki, xələl gətirmək olduğu artıq hamının gözü qarşısında baş verir və bunun xələl gətirəcəyi ehtimalı var.


Çünki Avropa İttifaqının əsas paytaxtlarından biri olan Parisdə rəsmi olaraq Paris meriyasının anti-Azərbaycan aksiyasına dəstək verməsi yenidən onu göstərir ki, bu, təsadüfi bir məsələ deyil, təsadüfi hal deyil. Paris meriyası hazırkı Fransa hökumətinin, Makron hökumətinin nəzarətində olan paytaxt şəhərinin meriyasından söhbət gedir.


Ona görə də erməni diasporunun yenidən Fransada bir alət kimi istifadə edilməsi onu göstərir ki, hələ də, təəssüf olsun ki, reallığı qəbul etməkdən, postmünaqişə dövründə sülh prosesinə dəstək vermək əvəzinə yenidən revanşistləri qızışdırmaq, yenidən onları anti-Azərbaycan kampaniyalarına cəlb etmək cəhdləri baş qaldırır.


Bilirsiniz, bu bir daha onu təsdiqləyir ki, biz azərbaycanlılar olaraq həqiqətən də heç vaxt, istər bölgəmizdə, Cənubi Qafqazda Ermənistanın revanşizmə sürüklənməsini həmişə nəzarətdə saxlamalı, buna xüsusi diqqət ayırmalıyıq. İstərsə də bu, Avropada, dünyanın istənilən yerində erməni diasporunun, erməni lobbisinin belə destruktiv fəaliyyətini həmişə diqqətdə saxlamalıyıq.


Siz fikir versəniz, bu günlərdə erməni diasporuyla belə konkret açıq əlaqəsi olmasa da, Avropa İttifaqında müəyyən dairələrin anti-Azərbaycan kampaniyasında güclənmə gedir, fəaliyyətində yeni, sanki fəallıq baş qaldırmışdır. Götürək bizim bu Avropa İttifaqının şərq bölgəsində yerləşən mühüm ölkələrdən biri olan Polşanı. 


Polşanın hazırkı hakimiyyətinə rəhbərlik edən baş nazir kimdir? Donald Tusk.


Avropa İttifaqındakı o anti-Azərbaycan dairələrə bağlı olan, Avropa İttifaqının xüsusilə də, mən hesab edirəm ki, burada aysberqin görünməyən tərəfi kimi Fransanın, Avropa İttifaqının Brüssel bürokratiyasında Avropa İttifaqının o qanadını, o dairələrini təmsil edən qüvvələrdir ki, bunlar münaqişədən sonrakı sülh prosesini qəbul etmək istəmirlər, edə bilmirlər.


Bir tərəfdən Paris meriyasının bu aksiyası, erməni diasporunun fəallaşması, digər tərəfdən Polşanın hazırkı hakimiyyətinin Azərbaycana qarşı öz dövləti tərəfindən maliyyələşən, dövlət büdcəsindən vəsait alan televiziyalarında anti-Azərbaycan kampaniyası aparması... Yəni bunu biz yenə də deyirik: Polşanın hazırkı hakimiyyətinin baş nazirinin şəxsiyyətinə bir nəzər salaq.


Donald Tusk Avropa İttifaqı dairələrinin adamı olan, Avropa İttifaqının vaxtilə Avropa İttifaqı Şurasının prezidenti olmuş, 2014–2019-cu illərdə, yəni Avropa İttifaqının bir nömrəli siyasətçisi olmuş bir şəxsdir. Donald Tusk hal-hazırda Avropa İttifaqının adamı kimi məhz Polşada hakimiyyətə gəlmişdir və Donald Tuskun hazırkı sanki gündəmi məhz Avropa İttifaqındakı o anti-Azərbaycan dairələrlə birləşib bir səs-küy yaratmaq, ajiotaj yaratmaq və Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqdan ibarətdir".


Millət vəkili vurğulayıb ki, Donald Tuskun əsas rəqibi olan, əsas ideoloji olaraq ona qarşı əks cəbhədə olan Yaroslav Kaçinski hakimiyyəti dövründə, məsələn, Azərbaycana qarşı çox müsbət münasibət, çox normal münasibətlər hökm sürmüşdür:


"Çünki Yaroslav Kaçinski və onun Qanun və Ədalət Partiyası məhz daha çox müstəqil Polşa, müstəqil siyasət aparmaq, Avropa İttifaqının üzvü olsa da, Avropa İttifaqından, Brüsseldən aşırı dərəcədə asılı olmamaq siyasətini yürüdürdü.


Ona görə də Yaroslav Kaçinski hakimiyyəti dövründə onlar çox gözəl bilirdilər, Polşa hakimiyyəti, o vaxtkı hakimiyyət bilirdi ki, məhz Azərbaycan kimi müstəqil fikirli, müstəqil, suveren siyasət aparan oyunçularla yaxınlaşmaq lazımdır, bunu dəyərləndirmək lazımdır.


Amma hazırkı Donald Tusk, dediyim kimi, sanki rəsmi Brüssel bürokratiyasının bir baş naziri olaraq Polşa kimi böyük bir ölkədə Polşanın milli maraqlarından daha çox Avropa İttifaqındakı o dairələrin maraqlarına xidmət eləyir.


Yəni bunu sözgəlişi dediyim ki, hal-hazırda bu proseslərə nəzər salanda, bunu bir analiz eləyəndə biz şahidi oluruq ki, Paris meriyası, erməni diasporunun orada-burada fəallaşması, Polşanın birdən-birə bu hakimiyyətinin, hazırkı hakimiyyətinin belə bir anti-Azərbaycan kampaniyası aparması – bunlar hamısı əlaqələndirilir, bunlar hamısı sinxronlaşdırılır. Biz çox gözəl anlayırıq, çox gözəl görürük bütün bunları.


Azərbaycan geosiyasət məkanında apardığı siyasətlə artıq çox böyük təcrübə qazanıb. Bizim ölkəmiz, bizim liderimiz, bizim siyasətimiz elə qurulub ki, biz bu şeyləri, necə deyərlər, şahmat termini ilə desək, beş gediş, on gediş qabaqdan görürük. Buna qarşı addımlarımızı atırıq. Ona görə də bax, bu hadisəni, bir daha Paris meriyasının hadisəsini nümunə kimi götürüb demək lazımdır ki, bütün bunların heç biri Azərbaycana qarşı təsir eləyə bilməz.


Nə Polşa hökumətinin televiziyalarında yayımlanan reportajlar, nə Paris meriyasının erməni aksiyasına dəstək verməsi, nə də ümumiyyətlə Fransanın, başqalarının davam edən cəhdləri – heç biri Azərbaycana qarşı təzyiq eləyə bilməz. Və yeri gəlmişkən, Polşa söhbətini qapataraq onu demək lazımdır ki, çox maraqlıdır ki, Donald Tuskun hazırkı partiyası da Civic Platform – Vətəndaş Platformasıdır. Partiyanın rəsmi adı belədir.


Sanki bir növ Paşinyanın rəhbərlik etdiyi Civil Contract – Vətəndaş Müqaviləsi Partiyasının adı ilə müəyyən oxşarlıq var və hesab edirəm ki, bu da təsadüfi deyil.

Ümumiyyətlə, Cənubi Qafqazın söz sahibi, iqtisadiyyatın əsas hissəsinə və geosiyasi proseslərə təsir edən yeganə güclü ölkə Azərbaycandır. Kim Azərbaycanla xoş münasibət quracaqsa, Cənubi Qafqazda öz maraqlarını normal şəkildə təmsil edə biləcək.


Qurmayacaqsa, bundan özü zərər çəkəcək. Bu gün artıq Azərbaycan hansısa erməni diasporunun Paris meriyası aksiyasına görə nə geri çəkilən deyil, nə də bundan narahat olan. Biz öz sözümüzü demişik. Öz addımlarımızı atmışıq. Yeri gələndə biz Fransanın, Belçikanın müstəmləkə siyasətini dünyada işıqlandıran, bunu ifşa edən, demək olar ki, ən cəsarətli ölkəyik. Halbuki bunu istər Avropa İttifaqında, istərsə də onun hüdudlarından kənarda Fransadan, onun gücündən və geosiyasi təsirindən çəkinən çox ölkə var ki, bunu edə bilmirlər.


Buna görə bizim rəqiblərimiz də, tərəfdaşlarımız da Azərbaycanın gücünü, Azərbaycanın nəyə qadir olduğunu çox yaxşı bilirlər. Hesab edirəm ki, Parisdə keçiriləcək bu erməni aksiyası da marjinallaşmış erməni diasporunu yenidən gündəmə gətirmək, ona yeni fəaliyyət görüntüsü vermək və guya hələ də gündəmdə qaldığını nümayiş etdirmək cəhdindən başqa bir şey deyil. Bu, mahiyyət etibarilə cılız və marjinal bir addımdır".


Pərvin Şakirqızı