Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçiriləcək “Eternity-2026” təliminə hazırlıq başa çatıb. Noyabrda Azərbaycanda keçiriləcək təlimin əsas məqsədi regional təhlükəsizliyin və strateji infrastrukturların qorunması sahəsində əməkdaşlığı gücləndirməkdir.


Bu mövzu barədə Moderator.az -ın suallarını politoloq Elşad Həsənov cavablandırıb.






Həmin müsahibəni təqdim edirik:

 

-“Eternity-2026” təliminin əsas məqsədi nədir və bu təlimin üç ölkə üçün əhəmiyyəti nədən ibarətdir?


“Bəli, Azərbaycan, Türkiyə və Gürcüstan Respublikalarının iştirakı ilə “Eternity-2026” təlimi bu ilin Noyabr ayında Azərbaycanda keçiriləcək. Bu təlim əsasən regional təhlükəsizlik məsələləri, hər üç ölkədən keçən strateji infrastrukturun qurulması sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. “Eternity” ifadəsinin Azərbaycan dilindı mənası “əbədi”,”həmişəlik” kimi mənaları verir. Bu ad əbəs yerə seçilməmişdir, belə ki, yəni Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri əbədi və həmişəlik olmalıdır. Məhz bu ilin Noyabr ayında da keçiriləcək tədbirlər buna xidmət etməlidir. Bildiyimiz kimi Azərbaycan Respublikası ərazisindən keçən böyük infrastruktur, neft və qaz kəmərləri və bunlarında Gürcüstan vasitəsi ilə birbaşa Avropaya, dünyaya yayılmasında böyük strateji bir məna mövcuddur. Bu strateji hədəfləri qorumaq üçün də birgə formada əməkdaşlıq edilməlidir. Bu kimi bir neçə hərbi təlimlər Tibilisi  və Türkiyədə də keçirilmişdir. İndi isə Bakıda keçiriləcək. Bunu da qeyd etməliyik ki, “Eternity” təlimi hər il keçirilən tədbirdir. Yekun olaraq da onu qeyd edim ki, bu hərbi təlim əsasən müsbət qiymətləndirilir”.

 

-Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının birgə təlim keçməsi üç ölkə arasında hərbi əməkdaşlığın inkişafına necə təsir göstərə bilər?


“Qeyd etdiyimiz kimi “Eternity-2026” təlimi hər il olmaqla hər üç ölkədə keçirilir. Bu təlimin məqsədlərini bayaq qeyd etdik. Belə ki, “Eternity-2026” hərbi təliminin ən əsas məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının bayaq qeyd etdiyimiz strateji obyektlərin (neft-qaz kəmərləri və s.) qorunmasında əməkdaşlığın inkişaf etdirilməsidir.Yəni bu kimi hərbi təlimlər vacibdir və keçirilməsi də olduqca labüddür. Belə qeyd edə bilərik ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının birgə təlim keçməsi üç ölkə arasında hərbi əməkdaşlığın daha da inkişafına mühüm töhfə verə bilər. Belə təlimlər hərbçilərin birgə fəaliyyət və koordinasiya imkanlarını artırır, müxtəlif situasiyalarda operativ qərar qəbul etmək və qarşılıqlı fəaliyyət göstərmək bacarıqlarını gücləndirir. Eyni zamanda, üç ölkənin təhlükəsizlik sahəsində bir-birinin imkanlarını daha yaxından tanımasına şərait yaradır. Bu baxımdan “Eternity-2026” yalnız hərbi hazırlıq baxımından deyil, Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.”

 

-Enerji infrastrukturlarının və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunması baxımından “Eternity-2026” təlimi regionda hansı strateji üstünlükləri yarada bilər?


“Azərbaycan Respublikasının enerji resurslarının dünya bazarına çıxarılması böyük maliyyə xərcləri aparıb, hazırda da qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının enerji resusları neft, qaz və s. Gürcüstan vasitəsi ilə birbaşa dünya bazarına çıxarılır. Eyni zamanda Azərbaycan vasitəsilə də Asiya ölkələrinin enerji resusrları dünya bazarına, Avropaya çatdırılır. Hesab edirəm ki, bu nəqliyyat dəhlizlərinin, enerji infrastrukturlarının təhlükəsizliyinin təmin olunması ən önəmli məsələlərdəndir. Belə ki, “Eternity-2026” təlimi enerji infrastrukturlarının və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan, Türkiyə və Gürcüstanın yerləşdiyi coğrafiya enerji resurslarının və nəqliyyat marşrutlarının Avropaya çıxışında mühüm rol oynayır. Bu səbəbdən həmin infrastrukturların mümkün təhlükələrdən qorunması üç ölkənin ortaq maraqlarından biridir. Birgə təlimlər bu cür obyektlərə qarşı yarana biləcək fövqəladə və təhlükəli situasiyalarda koordinasiyalı fəaliyyət imkanlarını artırır. Nəticə etibarilə, bu əməkdaşlıq regional sabitliyin gücləndirilməsinə və strateji layihələrin fasiləsiz fəaliyyətinin təmin olunmasına müsbət təsir göstərə bilər.” 

 

-“Eternity-2026” təlimi Cənubi Qafqazda təhlükəsizlik arxitekturasına və strateji layihələrin sabitliyinə necə təsir göstərə bilər?


“Eternity-2026” təliminin keçirilməsi sözsüz ki, Cənubi Qafqazda təhlükəsizliyi təmin edilməsi, strateji infranstrukturun qorunması və yaranan hər hansısa təhlükənin vaxtında qarşısının alınması ən vacib şərtlərdəndir. Hesab edirəm ki, bu ilin Noyabr ayında krçiriləcək “Eternity-2026” hərbi təlimi yüksək səviyyədə başa çatacaq. Yekun olaraq onu qeyd edə bilərəm ki, “Eternity-2026” təlimi Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizlik sahəsində koordinasiyasının güclənməsi regionda mümkün təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırır. Xüsusilə enerji və nəqliyyat sahəsində həyata keçirilən strateji layihələrin təhlükəsizliyi baxımından bu əməkdaşlıq mühüm rol oynayır. Belə təlimlər həm ölkələr arasında qarşılıqlı etimadı gücləndirir, həm də regionda sabitliyin və strateji layihələrin davamlılığının təmin olunmasına şərait yaradır. 

 

Ayxan Cəfərov