“Bir neçə gün öncə bacım, görkəmli sənətkar Rübabə Muradovanın anım günü idi. Ailəmizlə birlikdə məzarı üstünə getdik, ruhuna dualar etdik. Rübabə xanımın məzar daşı da təzələnib. Rübabə xanımın nəvələri, nəticələri onun xatirəsini əziz tutur və ruhuna dərin ehtiramlarını hər zaman bildirirlər. Rübabə xanım xoşbəxt sənətkardır ki, onu bu gün də yada salırlar, millət onu çox sevir”


Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Rübabə Muradovanın bacısı Tahirə Muradova deyib.






O daha sonra əlavə edib:


“Rübabə xanımın adından heç vaxt istifadə etməmişəm. İstifadə etsəydim zamanında edərdim. İndi artıq gecdir, etmərəm də axı. Amma bir çox sənətçi onun adından istifadə etdi. Bəzən yazırlar ki, Rübabə xanım guya mənim sənətə gəlməyimi qısqanıb. Bu lazımsız, boş-boş sözlərdir. Rübabə xanım görkəmli və böyük sənətkar idi. O məni niyə qısqansın ki? Mən oxumağa başlayanda Rübabə xanım artıq məşhur ulduz idi. Mən sadəcə sənətdə bir az geri qaldım. Günah mənim özümdə oldu. Sənətimə kifayət qədər vəsait ayırmadım. Özünüz bilirsiniz ki, efirlər də, mahnı yazdırmaq da, səsyazmalar da pulludur. Mən sadəcə pis dövrə düşdüm. Hazırda da müğənni kimi fəaliyyət göstərirəm. Ara-sıra toylar, tədbirlər olur. Yaxşı ki, vaxtilə filarmoniyada işləmişəm. İndi aldığım pensiya ilə dolanıram” deyə müğənni bildirib.